Məhəmməd Sinvar HƏMAS-ın yeni lideri oldu
Fələstinin HƏMAS hərəkatının yaraqlı qanadının – “İzzəddin əl-Qəssam” Briqadalarının rəhbəri Məhəmməd Sinvar HƏMAS-ın Qəzza zolağındakı yeni lideri olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Məhəmməd Sinvar 2024-cü ilin oktyabrında vəfat edən HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır.
Nəşrin məlumatına görə, Məhəmməd Sinvar ilk illərdən HƏMAS-a qoşulub - onun indi təxminən 50 yaşı var.
Qəzetin mənbələrinə görə, Məhəmməd Sinvar uzun müddət İsrail kəşfiyyat xidmətlərindən gizlənə bilib və buna görə də “Kölgə” ləqəbini alıb.
Nəşrin həmsöhbətləri qeyd edirlər ki, hərəkatın yeni rəhbəri qruplaşmanı dirçəltmək üçün səy göstərir, çünki İsrailin hərbi əməliyyatları nəticəsində onun döyüş qabiliyyəti zəifləyib.
Həmçinin, onun 2024-cü ilin iyulunda İsrailin hücumu zamanı öldürülən hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd əl-Deyfə yaxın olduğu bildirilir.
İsrail hakimiyyəti hesab edir ki, Məhəmməd Sinvar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın yəhudi dövlətinə hücumunun və 2006-cı ildə İsrail əsgəri Gilad Şalitin qaçırılmasının təşkilində əli olub.