Kamran Əsədov: "Müəllimlərin maaşlarının sertifikasiya, diaqnostik qiymətləndirmə və dərs yükü kimi amillərlə bağlı olması bu sualı daha da aktuallaşdırır"
Bildiyimiz kimi, artıq neçənci dəfədir ki, ölkədə maaşlar artırılır. Amma bu, müəllimlərə şamil edilmir. Onlar gərək diaqnostik qiymətləndirmədən, sertifikasiyadan keçsinlər və tələb olunan keçid balı toplaşınlar ki, maaşları da artsın.
Ümumiyyətlə, bu niyə belədir? Müəllimlərin maaşı niyə ölkənin vahid ştat cədvəlinə uyğun artmır? Niyə onların əməkhaqqı artımı sertifikasiyadan asılıdır?
"Bunun nəticəsində, təhsil sahəsində çalışan bir çox müəllim ölkədəki ümumi maaş artımı tempindən kənarda qalır"
Mövzu ilə əlaqədar "Bakı-Xəbər"ə açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov "Azərbaycanda müəllimlərin maaşlarının artırılması məsələsi uzun müddətdir müzakirə olunur və bu sahədə müəyyən islahatlar həyata keçirilsə də, problemlər tam həll edilməyib. Ən böyük suallardan biri müəllimlərin maaşlarının niyə ölkənin vahid ştat cədvəlinə uyğun olaraq artırılmamasıdır. Müəllimlərin maaşlarının sertifikasiya, diaqnostik qiymətləndirmə və dərs yükü kimi amillərlə bağlı olması bu sualı daha da aktuallaşdırır. Bəzi müəllimlər vahid maaş artımından kənarda qalır və yalnız müəyyən meyarlara uyğun gəldikləri halda maaşlarını artırmaq imkanı əldə edirlər. Bu yanaşma ölkədə təhsil sahəsində bərabərsizliyə səbəb olur və bir sıra problemləri də özü ilə gətirir.
Azərbaycanda müəllimlərin maaşlarının artırılması üçün tətbiq olunan mexanizmlər təhsil sahəsində performansa əsaslanan idarəetmə modeli ilə bağlıdır. Diaqnostik qiymətləndirmə və sertifikasiya prosesləri müəllimlərin maaşlarının artırılmasında əsas rol oynayır. Bu imtahanlardan keçən müəllimlərin maaşı müəyyən faizlə artırılır"-deyə bildirdi.
K.Əsədov qeyd etdi ki, lakin 2023-cü il üzrə statistikaya görə, müəllimlərin yalnız 62%-i sertifikasiyadan keçə bilib. O bildirdi ki, sertifikasiyadan keçə bilməyən müəllimlər isə maaş artımından faydalana bilmir. "Bunun nəticəsində, təhsil sahəsində çalışan bir çox müəllim ölkədəki ümumi maaş artımı tempindən kənarda qalır.
Regionlarda vəziyyət daha da mürəkkəbdir. Kənd məktəblərində şagird sayı az olduğundan müəllimlər tam ştat dərs yükü ilə işləyə bilmir və bu, onların maaşlarının aşağı qalmasına səbəb olur. Təhsil Nazirliyinin məlumatına görə, regionlarda işləyən müəllimlərin təxminən 25%-i tam ştat işləmədiyi üçün 400-500 manat arasında maaş alır. Bakıda və iri şəhərlərdə isə bu rəqəm daha yüksəkdir, çünki burada dərs yükü daha çoxdur və müəllimlər əlavə dərs saatları almaq imkanına malikdir. Lakin bu bölgələrdə də vahid ştat cədvəlinin tətbiq edilməməsi səbəbindən müəllimlər əməkhaqqı məsələsində bərabər şəraitdən məhrum qalır.
Dünya təcrübəsi göstərir ki, müəllimlərin maaşları onların peşəkar inkişafını stimullaşdırmaq üçün çox vacibdir. Məsələn, Finlandiya, Sinqapur və Cənubi Koreya kimi ölkələrdə müəllimlər cəmiyyətin ən yüksək maaş alan təbəqələrindən biridir. Finlandiyada müəllimlərin maaşı dövlət qulluqçuları ilə eyni ştat cədvəlinə uyğun artırılır və müəllimlərə əlavə stimullaşdırıcı mexanizmlər tətbiq edilir. Sinqapurda müəllimlərin maaşı onların peşəkar fəaliyyətinə əsasən dəyişir, lakin bu, bərabər və şəffaf bir sistemdə həyata keçirilir. Cənubi Koreyada isə müəllimlərin maaşları ölkə üzrə orta əməkhaqqının 150%-dən çoxdur və bu, müəllimlik peşəsini gənclər arasında çox cəlbedici edir".
K.Əsədovun sözlərinə görə, Azərbaycanda isə təhsilin keyfiyyətini artırmaq məqsədilə müəllimlərin maaşları performansa əsaslanaraq artırılsa da, bu sistemdə bir çox ədalətsizliklər mövcuddur. "Regionlarda çalışan müəllimlər üçün sertifikasiyaya hazırlıq imkanları məhdud olduğu üçün onlar bu mexanizmlərdən faydalana bilmir. Digər tərəfdən, tam ştat dərs yükü olmayan müəllimlər də maaş artımından kənarda qalır. Vahid ştat cədvəlindən istifadə edilməməsi bu problemləri daha da dərinləşdirir və təhsil sahəsində qeyri-bərabərliyi artırır.
Problemin həlli üçün dünya təcrübəsindən nümunə götürərək müəllimlərin maaşlarının artırılmasında daha şəffaf və ədalətli mexanizmlər tətbiq edilməlidir. İlk növbədə, ölkədə vahid ştat cədvəli müəllimlərə də şamil edilməlidir. Bu yanaşma, xüsusilə regionlarda çalışan müəllimlər üçün daha sabit və bərabər maaş sistemi təmin edəcəkdir. Sertifikasiya mexanizmləri isə daha əlçatan və şəffaf olmalıdır ki, bütün müəllimlər bu prosesdən faydalana bilsin. Bundan əlavə, regionlarda dərs yükü məhdud olan müəllimlər üçün əlavə dəstək mexanizmləri tətbiq olunmalıdır.
Müəllimlərin maaşlarının artırılması yalnız maddi məsələ deyil, həm də təhsilin keyfiyyətinə birbaşa təsir edən sosial prioritetdir. Müəllimlər cəmiyyətin əsas təhsil verənləri və formalaşdırıcılarıdır. Onların əməkhaqqı məsələsi yalnız onların şəxsi rifahını deyil, həm də gələcək nəsillərin təhsil keyfiyyətini müəyyən edir. Azərbaycanın təhsil sahəsində islahatlar həyata keçirərkən dünya təcrübəsini nəzərə alması və müəllimlərin maaş artımı məsələsində ədalətli sistem yaratması vacibdir" - deyə K.Əsədov vurğuladı.
İradə SARIYEVA