EN

Superkubok PSJ üçün asan loxmadı - İCMAL

Fransa Superkuboku uğrunda oyun Qətərin paytaxtı Dohada keçirildi.

Bu komandalar arasındakı çempionat oyununda PSJ 4:2 hesabıyla qalib gəlmişdi. Parislilərin Superkubokun son sahibi olduğunu da vurğulayaq. Onlar ötən il bu titul uğrunda oyunda “Tuluza”ya qalib gəlmişdi. Dohadakı oyunun nəticəsini də qanunauyğun saymaq olar. Ona görə ki, PSJ oyunboyu üstün təsir bağışladı, daha çox təhlükəli vəziyyət yaratdı.

Ümumiyyətlə, ilk yarıda qol vəziyyətlərinin sayı o qədər də çox olmadı. Fasilədən sonra isə meydanda parlaq oyun getdi, komandalar bir-birinin qapısına yol tapmağa çalışdı. Hər halda, “Monako”nun qapıçısı Könün işi daha çox idi. O, komandasını az qala penalti seriyasına daşıyacaqdı. Ancaq parislilərin uzatma dəqiqələrində qurduğu son hücumu Dembele qolla tamamladı. Ölkə çempionu Superkuboku da qazandı.

Ümumiyyətlə, Superkuboku tarixində 13-cü dəfə qazanan PSJ bu göstəricidə rekordçudu. Paytaxt klubu son 12 Superkubok finalının 11-dən qalib ayrılıb. Və vurğulanası daha bir məqam: parislilər 21-ci əsrdə “knyazlar”la 7 finalda üz-üzə gəlib, hamısını qazanıb.

PSJ – Monako 1:0
PSJ: Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri (Mayulu, 88), Vitinya, Neveş (Ruis, 67), Dembele, Li Kan İn (Barkola, 67), Due (Ramuş, 72).
Monako: Kön, Enrike, Kerer, Salisu, Vanderson (Teze, 86), Akliuş (Maqassa, 86), Zakariya, Minamino, Qolovin (Kamara, 72), Ben Seqir, İlenihena (Embolo, 72).
Qol: Dembele, 90+2.
Vərəqələr: Mendeş, 22. Vanderson, 35. Barkola, 87 – sarı.
Hakim: Villi Delajo.
5 yanvar. Doha. 39682 tamaşaçı.

Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Çox xoş hisslər yaşayıram. Titul qazanmaq həmişə sevinc mənbəyidi. Əksəriyyətin PSJ-yə azarkeşlik etdiyi, demək olar ki, dolu tribunalar önündə ilə qələbə ilə başlamaq bizə güc və inam verəcək. Artıq gələcək barədə düşünməliyik. Oyun ərzində bir neçə yaxşı imkan qazandıq. Qol isə mübarizədən bir an da çəkilməyən komandanın haqlı mükafatı oldu. Düşünürəm ki, bu, çox müsbət müsbət məqamdı. Uğurumuzu inkişaf etdirməliyik”.
Chosen
17
football-plus.az

1Sources