EN

“Qərbi azərbaycanlı qaçqınların taleyinə aydınlıq gətirilməlidir” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Medianews.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Qərbi Azərbaycana qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli olub. O, 2024-cü ildə İcmanın fəaliyyətindən, gördüyü işlərdən danışıb.

Deputat qeyd edib ki, ötən il ərzində İcmanın çoxşaxəli fəaliyyətinin əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına qayıdışı, indiki Ermənistan ərazisində dağıdılan tarixi-mədəni abidələrimizin qorunması, deportasiyalar nəticəsində ciddi zərər görmüş qeyri-maddi mədəni irsimiz üçün ədalətin təmin edilməsi olub. Onun sözlərinə görə, İcmanın təşkilatlanma işi ötən il də yüksək səviyyədə davam etdirilib. Nəticədə ölkəmizin 45 rayonunda Qərbi Azərbaycan İcmasının nümayəndəliyi yaradılıb. Bu müddət ərzində Qərbi Azərbaycanın 22 rayonu üzrə 284 kənd icması formalaşdırılıb.

Millət vəkili Ə.Ələkbərli soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətin genişləndiriləcəyini diqqətə çatdırıb. Deyib ki, qayıdış hüququna dair hər il beynəlxalq konfrans keçiriləcək. “İcmanın fəaliyyətində əsas prioritetlərdən biri də erməni yalanlarının beynəlxalq səviyyədə ifşa edilməsidir” deyən natiq əlavə edib ki, sözügedən istiqamətdə işlər daha mütəşəkkil formada həyata keçiriləcək.

Deputat Ə.Ələkbərli Qərbi Azərbaycandakı mədəni irsimizin ermənilər tərəfindən məhv edilməsinə dair faktların ötən ilin dekabr ayında Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına çatdırıldığını söyləyib. Milli Məclisin Qərbi Azərbaycana qayıdış üzrə Təşəbbüs Qrupunun fəaliyyətindən söhbət açan müsahib qeyd edib ki, həmkarlarının dəstəyi ilə Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidəki fəaliyyəti parlament diplomatiyası səviyyəsində davam etdiriləcək. O, indiyədək Milli Məclisdə Qərbi Azərbaycana qayıdışa dair 6 dinləmənin keçirildiyini xatırladıb.

İcma sədri Ermənistan siyasi rəhbərliyinə dialoq üçün müraciət etdiklərini də dilə gətirib. Təəssüflə bildirib ki, rəsmi İrəvan indiyə qədər Qərbi Azərbaycan İcmasının bu təklifinə hər hansı cavab verməyib. O, ermənilərin son 200 il ərzində qonşu ölkələrin ərazisindən köçürülərək tarixi Azərbaycan torpaqlarında məskunlaşdırıldıqlarını, ardınca isə oradakı aborigen əhalini soyqırımı və deportasiyaya məruz qoyaraq onların mal-mülklərinə sahibləndiklərini vurğulayıb. O deyib ki, ötən əsrdə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlı qaçqınların taleyinə aydınlıq gətirilməlidir. İcma sədrinin sözlərinə görə, rəsmi İrəvan anlamalıdır ki, Qərbi azərbaycanlıların ata-baba yurduna qayıdışı qaçılmazdır.

Chosen
4
medianews.az

1Sources