EN

Ben Qodfri “Atalanta”nı “İpsviç Taun”a dəyişdi

İngiltərə millisinin və İtaliyanın “Atalanta” klubunun mərkəz müdafiəçisi Ben Qodfri bundan sonra “İpsviç Taun”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Premyer Liqa təmsilçisi 27 yaşlı futbolçunu cari mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalma ilə bağlı şərt nəzərdə tutulmayıb. Bir sözlə, ingilis futbolçu yayda yenidən “Atalanta”nın düşərgəsinə qayıdacaq.

Ben Qodfri “York Siti” klubunun yetirməsidir. O, karyerası ərzində “Norviç Siti”, “Şrusberi Taun”, “Everton” kimi klublarda da çıxış edib. “Atalanta” müdafiəçini 2024-cü ilin iyul ayında “Everton”dan 12 milyon avroya satın alıb. İngilis futbolçu A Seriyası təmsilçisinin heyətində möhkəmlənə bilməyib. Belə ki, o, “Atalanta”da cəmi 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Bu üzdən də ingilis futbolçu mövsümün qalan hissəsini oynaya biləcəyi komandada keçirməyə qərar verib.

Qodfri İngiltərənin U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2021-ci ilin iyununda ölkəsinin əsas millisində debüt edib. O, İngiltərə millisində cəmi 2 matç keçirib.

Ben Qodfri “Norviç Siti” ilə iki dəfə (2018/2019 və 2020/2021) İngiltərə İkinci Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Chosen
9
arena.az

1Sources