EN

"OPEC+"a daxil olmayan ölkələrdə bu il üçün neft hasilatı üzrə proqnoz artırılıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-ci il üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,28 mln. barel olacağı ehtimal olunur (öncəki proqnoz – 54,23 mln. barel), bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 1,11 mln. barel çoxdur.

Bununla yanaşı OPEC gələn il üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 55,38 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,1 mln. barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,17 mln. barel olub (öncəki proqnoz – 53,12 mln. barel), bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,33 mln. barel çoxdur.

Xatırladaq ki, 2023-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.

Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Chosen
15
apa.az

1Sources