EN

20 Yanvar faciəsi:Milli dirçəliş günümüzün «bələdçisi»

Meşələr həyat qaynağı, oksigen mənbəyi, Tanrının bəndələrinə bəxş etdiyi sərvətdir. Təmiz, saf havası, gözəlliyi, min bir çeşid nemətləri ilə insanların istirahət yerinə çevrilən meşələr, yaylaqlar, ormanlar kütləvi tədbirlərdə iştirak edən insanların da sevimli məkanı kimi səsli- küylü olur. Amma nə vaxtsa deyilsə ki, meşələr siyasi hadisələr üçün bəhanə olacaq, sakitliyini atəş səsləri pozacaq bəlkə də çoxları buna inanmazdı. Amma erməni kimi murdar toplumun olduğu yerdə hər cür vəhşilik gözlənilir. Topxana meşəsi də vəhşi erməni qəbilələrinin, vandallarının qurbanı oldu.

Mədəniyyət paytaxtı, gözəlliyi ilə ölkəmizdən kənarlarda belə tanınan Şuşa şəhəri yaxınlığında yerləşən bu meşənin adı 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi yer olması ilə bağlıdır. Təbiət möcüzəsi olan, palıd, fıstıq, qarağac kimi çoxillik ağacların boy verdiyi Topxananın heyvanat aləmi də zəngin idi. Buraya istirahətə gələnlər bəlkə də ilk dəfə kəkliyin, turacın, bülbülün səslərinə burada , dərin dərələrdən axan bulaqların şırıltısına saatlarla qulaq asardılar.

Amma… Ayaq basdıqları yerləri xarabazara çevirən erməni daşnakları Topxananın gözəlliyini, səsli-küylü büsatını, növrağını murdar nəfəsləri ilə zəhərlədilər. Ötən əsrin sonlarında SSRİ-nin mövcudluğunun laxladığı illərə təsadüf edən antisovet mitinqlərinin yandırdığı alovlar Topxananın büsatını da qarsaladı. SSRİ-nin ilk və sonunucu prezidenti ermənipərəst Mixail Qorbaçovun dəstəyi ilə «böyük Ermənistan» ideyalarını gerçəkləşdirmək üçün İrəvanda, tarixi ərazimiz olan Dağlıq Qarabağ Muxtar Vilayətində kütləvi etirazalara başlayan ermənilər əvvəlki illərdə qonaq kimi yerləşdikləri Azərbaycan torpaqlarını özlərininkiləşdirmək üçün «miatsum», «artsax» şuarları ilə küçə və meydanlara toplaşdılar. Moskvanın təlimatları əsasında getdikcə güclənən erməni həyasızlığı Azərbaycan xalqının haqlı narazılığına səbəb oldu. Azərbaycanlıların səbrini daşırdan erməni haqsızlığının qarşısını almaq üçün xalqımız etirazını bildirsə də sələrini eşidən olmadı. Daşnak ideologiyasını planları əsasında davam edən erməni vəhşiliyinin qarşısı alınmadı. O zaman Azərbaycanın Kremlin hər bir əmrinə «bəçeşm» deyən rəhbərləri belə Qarabağda baş alıb gedən anti-Azərbaycan çağırışları qulaqardına vururdular. Çünki əmr yüksək yerdən idi. Kreslo həvəsi milli mənsubiyyəti, torpağa bağlılıq duyğularını üstələmişdi. Zori Balayan, Silva Kapitukyan kimi daşnak ideyasının təbliğatçıları, insanlıqdan kənar ən alçaq cinayətlərə əl atan erməni terrorçuları Qarabağda yaşayan azərbaycanlılara qarşı açıq-aşkar təzyiqlərə başladılar, cinayətlər törətdilər. Topxana meşəsini yandıran erməni cəlladlarının tökdükləri ilk qanların üstü də ört-basdır edildi. Meşənin ağacları kəsilərək Ermənistana daşındı. Tikinti işlərində istifadə olundu. Amma Azərbaycan xalqının səbir kasası artıq dolmuşdu. Doğma torpaqları Qarabağdan zorla çıxarılan soydaşlarımızın üzləşdikləri erməni vəhşiliklərinə tab gətirməyən xalqımız paytaxtın Azadlıq meydanına toplaşaraq bu haqsızlığın qarşısının alınmasını tələb edirdi. Kütləvi etirazların miqyası genişlənərək bütün ölkəni bürümüşdü. Şəhər və kəndlərdə keçirilən etirazların qarşısını almaq mümkün deyildi. Daşnak tör-töküntülərinin vəhşiliklərinin qarşısını bilərəkdən almayan Kremlin ermənipərəst dairələrinin fitvası ilə azərbaycanlılara qarşı çirkin planlar hazırlanırdı. 19 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinin sakinləri azyaşlı qardaşlar Maliklə Elvinin ermənilərin atdıqları top mərmisi nəticəsində həlak olmaları 20 Yanvar qırğınlarının ilk sədası idi. Həmin hadisədə kənddə obyektlər, evlər dagıdıldı.

Rus imperiyasının törətdiyi, tarixə 9 Yanvar Qanlı bazar günü kimi yazılan qırğınları təkrarlayan «sülhsevər» sovet qoşunları Azərbaycana «dərs vermək» üçün müxtəlif istiqamətlərdən Bakıya hücum etdilər. 1905-ci ildə Peterburqda haqlarını tələb edən fəhlələri gülləbaran edən «qızıl ordu»nun əli qanlı əsgərləri Bakıda kütləvi qırğınlar törədərək ahıl, cavan, uşaq, qadın demədən hər kəsi tankların tırtılları altında əzdilər.

Bir şənbə günü, 1990-cı ildə, yanvarın 19-dan 20-nə keçən gecə qaniçən ermənilərdən, peşəkar döyüşçülərdən təşkil olunmuş « xilaskar qızıl ordu»nun zirehli hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Azərbaycan xalqının azadlıq mücahidlərini susdurmaq üçün Bakıya, respublikamızın şəhərlərinə qoşun yeridildi. Qanlar üzərində qurulan imperiya xalqların milli oyanış istəyini susdurmaq üçün Alma-Atada, Vilnüsdə, Tbilisidə sınaqdan keçirdiyi « təcrübəni» Bakıda daha dəhşətli formada təkrarladılar. Heç bir xəbərdarlıq edilmədən insanlara qarşı vəhşiliklər törədən «paqonlular» Bakıda qanlı qırğınlar törətdilər.

Bu zülmə qarşı ilk etirazını bildirən, Moskvada fərdi təqaüdçü kimi yaşayan, erməni məkrinin, Mixail Qorbaçov qısqanclığının qurbanı olan xalqımızın müdrik oğlu, görkəmli şəxsiyyət Heydər Əliyev 21 yanvarda ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək 20 Yanvar qırğınlarını respublikamızın suverenliyinə qarşı törədilmiş zorakılıq, təcavüzkarlıq adlandırdı və faciəyə siyasi qiymət verilməsini tələb etdi.

Azərbaycanı canından artıq sevən Ulu Öndər faciə ilə bağlı Azərbaycan xalqına teleqram göndərərək insanları belə ağır məqamlarda birliyə, həmrəyliyə çağırdı: «Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə. Azərbaycan xalqına.

Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən- dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa , həmrəyliyə və birliyə çağırıram.

Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.»

Heydər Əliyev
Moskva, 21 yanvar 1990-cı il.

«Moskvanın adamları» olan o dövrdəki respublika rəhbərliyinin «vətənpərvərlikləri» sayəsində o teleqram xalqdan gizlədildi, Azadlıq meydanına toplaşanlara çatdırılmadı.

SSRİ DTK-nın ALFA qrupu 19 yanvarda (saat 19.27-də) Azərbaycan Televiziyasının enerji blokunu dağıtmaqla əsil həqiqətləri xalqdan, dünya ictimaiyyətindən gizlədənlər vəhşiliklərini ört- basdır etmək üçün haqqını tələb edən vətənpərvərlərə ekstremist adı verməkdən belə utanmadılar. Azərbaycana ordu yeridilməsinə bilavasitə imkan yaradan respublikanın rəhbəri Əbdürrəhman Vəzirov ermənilərin «müstəqillik» adı altında torpaqlarımızın Ermənistana birləşdirilməsi ilə bağlı hadisələrdən, Topxana meşəsinin dağıdılmasından, soydaşlarımızın Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan çıxarılmasından hiddətlənən Azərbaycan xalqının tələblərinə biganə qalmaqla kifayətlənmədi. 20 Yanvar hadisəsi baş verdi, Azərbaycana qoşun yeridilməsinə şərait yaratdı. Onun xahiş və tələbinə uyğun olaraq 1990-cı ilin yanvar ayının əvvəllərindən etibarən SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların, və DTK-nın böyük hərbi kontingenti Azərbaycana gətirildi və Qala, Nasosnı aerodramlarında, Salyan kazarmasında yerləşdirildi. Bakı şəhərinin ətrafında 66 mindən artıq hərbi qulluqçu yerləşdirilmişdi.

Yəni, 20 Yanvar hadisələrinə əvvəlcədən hazırlıq görülmüş, ordu döyüş vəziyyətinə gətirilmişdi. Ermənipərəst M. Qorbaçovun xeyir-duası ilə erməni əsilli arvadının və yaxını A. Aqanbekyanın istəyinə uyğun olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması planının ilk mərhələsinə başladı. Müstəqil bir dövlətə qarşı siyasi cinayətkarlıq olan yanvar hadisələri törədildi. Günahkarlar Qorbaçov başda olmaqla SSRİ müdafiə naziri D.Yazov, daxili işlər naziri B.Bakatin, Sov.İKP MK katibi Girenko, digər dövlət və hökumət rəsmiləri idi. İnsanlar qətlə yetirildikdən sonra Qorbaçovun sərəncamı ilə Bakıda, Gəncədə, Naxçıvanda fövqəladə vəziyyət elan olundu, qadağan saatı tətbiq edildi. Hadisələr zamanı Bakıda və rayonlarda 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar olub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. 1990-cı il, 22 iyulda Naxçıvana gələn fərdi pensiyaçı, elə həmin il Naxçıvan MR Ali Məclisinin deputatı seçilən Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan «1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» qərar layihəsi müzakirəyə çıxarıldı. Heydər Əliyevin nüfuzu sayəsində 21 noyabr 1992-ci il tarixdə qəbul olunmuş qərar 20 Yanvar hadisələrinə verilən ilk siyasi, hüquqi qiymət oldu. Beş bənddən ibarət həmin tarixi əhəmiyyətli sənəddə qeyd olunurdu ki, 1990-cı ilin yanvar ayında Bakıda törədilən qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Dinc əhalinin qətlə yetirilməsi, göstərilən zorakılıq Azərbaycan xalqına açıq təcavüz kimi ittiham edilsin. Respublikanın ali hakimiyyət orqanları tərəfindən Bakı faciələrinə siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, günahkarların aşkara çıxarılıb məsuliyyətə cəlb olunmaması etirazla qarşılansın.

20 Yanvar hadisələri baş verən dövrdə qırğınlara ilk etrazını bildirən , xalqımıza göstərdiyi xidmətləri ilə el hörməti qazanan Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verməklə Azərbaycanın kommunist rəhbərliyinin xəyanətlərini də bağışlanılmaz satqınlıq adlandırmışdı. Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət xalqımızın qeyrətli oğlu Heydər Əliyevin1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışından sonra mümkün oldu.

Bu qiymətin daha ədalətli, tarixi baxımdan haqqı 200 illik imperiya əsarətinə son qoyulması, Vətən müharibəsində qazandığımız şərəfli Qələbədir. Xankəndidə , Şuşada, Ermənistanın işğalından azad edilən bütün şəhər kəndlərimizdə dalğalanan Dövlət Bayraqlarımızdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda, işğaldan azad olunmuş ərazilərimzdə erməni vəhşilərinin dağıtdıqları şəhər və kəndlərimizdə aparılan bərpa-quruculuq işlərinin sürətlənməsidir. Topxana meşəsinin yenidən dirçəlməsidir.

Keçmiş məcburi köçkünlərin yurdlarına dönməsidir. Erməni vəhşilərinin qurbanlarının xatirəsini yaşadacaq Xocalı Soyqırımı Memorialının təməlinin qoyulmasıdır. Həmin tədbirdə Prezident İlham Əliyevin «Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı» sözləridir. Ballıca, Ağdaban, Qaradağlı, Meşəli… faciələrini törədən erməni separatçılarının layiq olduqları cəzalarını almalarıdır. «Qarabağ bizimdir, Qarabağ Azərbaycandır» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin milli yaltaqların vaxtı ilə boğazdan yuxarı söylədikləri kimi deyil, həqiqi mənada Qarabağı öz sahiblərinə qaytarmasıdır. Milli müstəqilliyimiz, suverenliyimiz, torpaqlarımızı düşmən işğalından azad edən Milli Ordumuzun şəhidlərinin ruhlarına əbədi hörmətimizdir, Azərbaycanın dünyada möhkəmlənən nüfuzudur. «Sözümüz imzamız qədər dəyərlidir!» söyləyən dövlət başçımız İlham Əliyevin vədinə sadiqliyidir. Şəhid ailələrinə, qazilərə göstərilən dövdət qayğısıdır. Prezident İlham Əliyevin dediyi «Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.» sözləridir. Ruhunuz şad olsun, şəhidlər!

Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
10
ikisahil.az

1Sources