EN

ABŞ şirkəti Misir sahillərində təbii qaz kəşfinə imza atıb

ABŞ-ın “Exxon Mobil” enerji korporasiyası Aralıq dənizində kəşfiyyat quyusunu uğurla qazdıqdan sonra Misir sahillərində təbii qaz kəşf edib.

Texas mərkəzli şirkət elektron poçtla göndərilən bəyanatda “Bloomberg” agentliyinə bildirib ki, “Exxon” Misirin şimal sahillərindən təxminən 5 mil məsafədə yerləşən Şimali Marakiya blokunda Nefertari-1 quyusunun qazma işlərini tamamlayıb. "Qaz daşıyan rezervuarlara rast gəlinib və biz nəticələri qiymətləndirməyə davam edəcəyik", -deyə şirkət məlumat verib.

2009 və 2010-cu illərdə İsrail sahillərində bir neçə təbii qaz kəşfinin ardından Şərqi Aralıq dənizi son illərdə kəşfiyyatın qaynar nöqtəsinə çevrilib. Regionun Avropa və Yaxın Şərqdəki “qaza ac” bazarlara yaxınlığı istənilən kəşfin potensial iqtisadi səmərəliliyini gücləndirməyə kömək edir. Lakin onun siyasi qeyri-sabitliyi problemdir. “Chevron”, “Shell” və “Eni” kimi digər iri şirkətlərin də ərazidə aktivləri və kəşfiyyat planları var.

Xatırladaq ki, “ExxonMobil” şirkəti 2019-cu ildə Şimali Marakiya blokuna daxil olduğunu elan etmişdi və 2022-ci ildə blokda 40% payını “QatarEnergy” şirkətinə satıb.

“Exxon” onu da açıqlayıb ki, quyu “Valaris MMC”nin DS9 qazma gəmisi ilə qazılıb.

Nubar Süleymanova, “İki sahil”

Chosen
15
ikisahil.az

1Sources