EN

Azərbaycanda da vahid soyad sonluğuna keçiləcək?

Bu günlərdə Qırğızıstan parlamenti soyad sonluqlarının milli soy-kökə uyğun dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edib. Layihənin müəllifi olan parlamentin spikeri Nurlanbek Şakiyev “ov”, “yev” soyad sonluqları ilə vidalaşmağın zamanının gəldiyini bildirib. O, yeni ildən etibarən, öz soyadını Nurlan Turqunbek uulu (oğlu) kimi rəsmiləşdirəcəyini də bəyan edib.

Milli hesab edilən soyad sonluqları

Keçmiş sovet ölkələrinin bəzisində bu soyad sonluqları üstünlük təşkil edir. O cümlədən də Azərbaycanda. Ölkəmiz müstəqillik əldə etdikdən sonra soyad sonluqlarının öz dilimizə uyğunlaşdırılması yolunda addımlar atdı. Belə ki, 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara görə, vətəndaşlar "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Digər bir variant, isimdən qohumluq mənalı söz yaratmaq üçün istifadə edilən “gil” şəkilçisinin xüsusi isimlərə artırılaraq istifadə edilməsi təklif olunurdu. Lakin bu təklif müsbət qarşılanmadı.

Nə qədər adam soyad sonluğunu milliləşdirib?

Əvvəllər əhalinin böyük hissəsi “ov”, “yev” soyad sonluğunu daşısa da hər il soyad sonluğunu milliləşdirən, yəni “ov”-u “lı”-ya dəyişənlərin sayı artır. Azərbaycanın müstəqilliyindən 1 mart 2022-ci il tarixinə qədər 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib. Yeni doğulan uşaqların soyadında çox az halda “ov”, “yev”-ə rast gəlinir.

Cümhuriyyət dövründə soyad sonluqları

Soyad sonluğu Cümhuriyyət dövründə də aktual olub. Bununla bağlı həmin dönəmdə konkret qərar qəbul olunmasa da, dövrün siyasətçiləri mühacirətə getdikdən sonra öz soyadlarında dəyişiklik ediblər. Əhməd bəy Ağaoğlu “Ağaoğlu” soyadını qəbul edib. Mustafa ağa Vəkilov “Vəkilli, Vəkiloğlu”, Əlimərdan bəy Topçubaşov “Topçubaşi”, Xoyskilər “Xanxoylu” və digər bu kimi görkəmli nümayəndələr dəyişdirilmiş soyadlardan istifadə ediblər. Cümhuriyyətin qurucularından olan Məhəmmədəmin Rəsulzadə “zadə” sonluğunu saxlayıb.

Bəs “ov”, “yev” soyad sonluqları rus mənşəlidir?

Rusiyanın özündə bir neçə soyaddan istifadə edilir. Ümumiyyətlə, Rusiyada XIII əsrdən ailənin böyüklüyünü göstərmək məqsədilə soyaddan istifadə edilib. Ruslarda soyadlar peşə, ləqəbə görə də təyin edilib. Həmin sonluqlar ləqəbə və peşəyə artırılaraq istifadə edilib. Pyotrun islahatlarından sonra ruhanilərin, sənətkarların, xidmətçilərin nümayəndələri də soyad almağa başladılar. Bu proses yalnız 19-cu əsrin ikinci yarısında kəndliləri də əhatə edib. Kəndlilərə soyadlar təkcə ata adı ilə deyil, çox vaxt torpaq sahibinin adı ilə, yaxud zahiri görkəm və ya xarakter xüsusiyyətlərinə görə verilirdi.

Chosen
1
3
demokrat.az

4Sources