EN

Xəzər Siyasət Mərkəzi ABŞ-ın Cənubi Qafqazla əməkdaşlığını istiqamətləndirəcək strategiya hazırlayıb

Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) ABŞ-ın növbəti administrasiyasının Mərkəzi Asiya və Qafqaz ölkələri ilə uğurlu işləyə biləcəyi istiqamətləri əks etdirən yeni strategiya hazırlayıb.

“İki sahil” xəbər verir ki, mərkəzin aparıcı eksperti Erik Rudenşoldun müəllifi olduğu “Transxəzər trayektoriyası: Mərkəzi Asiya və Qafqaz üçün yeni ABŞ strategiyası” adlı sənədin ABŞ-ın paytaxtı Vaşinqtonda təqdimatı keçirilib. Açılış nitqi ilə çıxış edən Xəzər Siyasət Mərkəzinin prezidenti Əfqan Nifti son bir neçə ildə Mərkəzi Asiya və Qafqaz regionunun diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, digər dövrlərlə müqayisədə indi regiona daha çox maraq var və bu maraq getdikcə artır. Xəzər regionu qlobal oyunçularla münasibətlərini şaxələndirmək istiqamətdə fəal addımlar atır və bu, regiona hərtərəfli yanaşma tələb edir. Əfqan Nifti Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir-birinə bağlı olduğunu və ABŞ üçün hər iki regionu əhatə edən strategiyaya ehtiyacı olduğunu qeyd edib.

Strategiyanın müəllifi Erik Rudenşold bildirib ki, yeni seçilmiş prezident Donal Tramp Xəzər regionu üçün yad deyil və ilk prezidentliyi müddətində Mərkəzi Asiyaya diqqət yetirib. Xəzərdə artan regional əməkdaşlığı şərh edən ekspert bildirib ki, dənizə çıxışı olmayan Mərkəzi Asiya öz infrastruktur məhdudiyyətlərindən çıxmağa başlayıb və Azərbaycan və Gürcüstan vasitəsilə sürətlə Qərbə genişlənən və inkişaf edən ticarət dəhlizinin hissəsinə çevrilib.

Mərkəzin eksperti Riçard Hoqlandın moderatorluğu ilə keçirilən panel müzakirələrində ekspertlər Birləşmiş Ştatlar üçün Qafqaz və Mərkəzi Asiya regionlarında imkanlar yaradan sahələr barədə danışıblar. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş vitse-prezidenti Daniel Rand regionun mineral ehtiyatlarının əhəmiyyətindən danışıb. O, həmçinin Orta Dəhlizin vacib alternativ ticarət marşrutu kimi artan əhəmiyyətini və Azərbaycanın əsas tranzit nöqtəsi kimi rolunu vurğulayıb.

“Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi ABŞ-ın Mərkəzi Asiya və Qafqaz regionları üzrə siyasətində diqqət etməli olduğu əsas məqamları qeyd edib. O bildirib ki, ABŞ regionda iştirakını artırmalıdır və region ölkələrinə regional və beynəlxalq münasibətləri balanslaşdırmaqda kömək etməlidir.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Chosen
2
1
ikisahil.az

2Sources