EN

Azərbaycan qadınının şok görkəmi: Onları bu günə kimlər salıb?

Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi və istismarı diqqət çəkir.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, reklam olunan məhsullarına müştəri cəlb etmək istəyən sahibkarlar bu kimi videolarda qadın bədənindən istifadə edir, xanımlar isə pul qazanmaq məqsədilə ya könüllü, ya da çarəsiz formada bu trendə qoşulurlar. Nəticədə isə həmin paylaşımlara çoxlu şərhlər yazılır, baxış sayı artır, sahibkarlar məqsədinə çatır, təhqir edilən isə qadınlar olur...

Həmin reklamlar əsasən kiçik ticarət obyektlərinin məhsullarının satışı məqsədilə həyata keçirilsə də, nədənsə bir qayda olaraq kortəbii estetik əməliyyatlar etdirmiş, vulqar geyimli qadınların təqdimatı ilə aparılır. Paytaxtla yanaşı bir çox rayonlarımızın da bu tendensiyaya qoşulması artıq adi hal alıb. Həddindən artıq böyüdülmüş ombalar, şişirdilmiş dodaqlar, qeyri-təbii üz ifadələrini üzərində daşıyan həmin qadınlara, demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Bəzi işbazlar bu həvəsdən ilhamlanaraq sadaladığımız “keyfiyyətləri” özündə daşıyan qadınların maskotlarını da hazırlayıb onları el məclislərinə, uşaq ad günlərinə göndərirlər.

Müşahidələr göstərir ki, bir çox ticarətçilər satıcı və kassirləri xanımlar arasından seçməyə üstünlük verir. Sonradan həmin obyektləri, məhsullarını reklam edən qadınların bədən dili və danışıq tərzi, eləcə də etdirdikləri estetik əməliyyatların keyfiyyəti insanlarda narahatlıq və ikrah doğurur.

Bəzi hallarda insan alverinin predmeti ola biləcək bu kimi hallarla necə mübarizə aparılmalıdır? Cəmiyyət və dövlət qurumlarının üzərinə hansı vəzifələr düşür?

Görünən odur ki, proses nəzarətsizliyin və qeyri-ciddiliyin nəticəsində baş verir. Çoxumuzun bu kimi insanlara xoş münasibəti olmasa da, həmin səhifələrdə baxış sayının kəskin artmasına gətirib çıxaran da bizik. Sözügedən şəxslərin üzərində eqolarını, natamamlıq komplekslərini sağaltmağa çalışanlar da var...

Bu yolla onminlərlə izləyicisinin olduğunu görən həmin obyektlər və “reklam simaları” daha da həvəslənir və irəli gedir. Beləliklə, yersiz cəsarət artır, vulqarlıq ürəkbulanma səviyyəsinə yüksəlir.

Chosen
8
13
publika.az

10Sources