22 dekabr 2024-cü il tarixinə Transadriatik Boru Kəməri (TAP) Avropaya ümumilikdə 11.36 milyard kub metr qaz nəql edib.
Day.Az xəbər verir ki, bunu TAP AG konsorsiumu Trend-in sorğusuna verdiyi cavabda bildirib.
TAP AG-dan qeyd ediblər ki, boru kəməri ilə İtaliyaya 9.44 milyard kubmetr, Yunanıstana 1.06 milyard kubmetr və Bolqarıstana 0.78 milyard kubmetr təbii qaz tədarük olunub.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazı Avropaya nəql edir. 877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya, həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
TAP-ın pay sahibləri bunlardır: BP (20 faiz), SOCAR (20 faiz), "Snam" (20 faiz), "Fluxys" (20 faiz), "Enagas" (20 faiz).