Xəbər verdiyimiz kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub. Onun yerinə Fərid Osmanov təyin edilib.
Bizim.Media xəbər verir ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini bitirib.
Bununla yanaşı, F. Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində informasiya sistemləri və idarəetmə üzrə magistr dərəcəsi alıb. İnformasiya texnologiyaları xidmətlərinin idarə edilməsi, həmçinin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq sertifikatlara malikdir.
O, 2005-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildən AMB-də baş direktor vəzifəsində fəaliyyətini davam etdirib.
Fərid Osmanov 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
Bizim.Media