EN

Qrenlandiya: Ən böyük ada “nifaq alması”na dönür?

ABŞ Konqresindəki respublikaçılar yeni seçilmiş prezident Donald Trampa vəzifəyə gəldikdən dərhal sonra Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa icazə verən qanun layihəsi hazırlayıblar. Bu barədə sənədin surətini əldə edən “Reuters” agentliyi məlumat yayıb. Sənəd Nümayəndələr Palatasının üzvləri Endi Oqls və Diana Harşbarger tərəfindən hazırlanıb. 

Respublikaçıların Konqresin hər iki palatasına nəzarət etdiyini nəzərə alsaq, qanun layihəsinin qəbul olunma ehtimalı yüksəkdir. Agentlikdən bildirilib ki, sənəddə Trampın Qrenlandiyanı əldə etməsi üçün Danimarka Krallığı ilə danışıqlara başlamasına icazə verən müddəa var. Bundan əlavə, Tramp Danimarka ilə razılığa gələrsə, o, razılaşmanı, eləcə də bütün materialları və əlavələri 5 gün ərzində Konqresin müvafiq komitələrinə təqdim etməlidir. 

Donald Tramp daha əvvəl bildirmişdi ki, Qrenlandiyanın alınması ABŞ-nin milli və iqtisadi maraqlarına uyğundur.  Bu arada xarici mətbuatda ada ilə bağlı maraqlı məlumat yayılıb. Bildirilib ki, 5 il əvvəl Qrenlandiya Xarici İşlər Nazirliyinin rəhbərinin adından Arkanzas ştatından olan senatora məktub göndərilib və orada adanın ABŞ tərəfindən alınması müzakirə olunub. Danimarka kəşfiyyatı bu məlumatı təsdiqləyib: “Məktub Rusiya kəşfiyyatı tərəfindən saxtalaşdırılıb. Məqsəd Danimarka, ABŞ və Qrenlandiya arasında çaşqınlıq yaratmaq və münaqişəni qızışdırmaq olub”.  O zaman Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı “əsassız saxtakarlıq” adlandırıb.

“Newsweek” yurnalının xəbərində isə bildirilir ki, konqresmen Tom Kotton 2019-cu ilin avqustunda, o vaxtkı prezident Donald Trampla söhbətində ABŞ-nin Qrenlandiyanı alması məsələsini qaldırıb. İdeya ilk dəfə elə həmin il Tramp tərəfindən səsləndirilib. Kopenhagen tərəfindən rədd edildikdən sonra Tramp Danimarkaya səfərini ləğv edib. 2024-cü ilin dekabrında Ağ evin seçilmiş rəhbəri bu məsələni yenidən gündəmə gətirib və 2025-ci il yanvarın 7-də onun oğlu kiçik Donald Tramp adaya gələndə ABŞ-ın “milli təhlükəsizlik məqsədləri” üçün Qrenlandiyaya ehtiyacı olduğunu bildirib.

Qrenlandiya ilə bağlı mübahisələr

Qrenlandiyanın kimə məxsusluğu ilə bağlı ilk münaqişə 1930-cu illərin əvvəllərində Danimarka və Norveç arasında baş verib. Nəticədə, Norveç 1931-ci ildə adanın yaşayış olmayan şərq hissəsinin işğalına sanksiya verib, 1933-cü ildə bu qərar Haaqa Beynəlxalq Məhkəməsi tərəfindən qeyri-qanuni sayılıb. Bundan sonra Norveç ada ilə bağlı iddialarından imtina edib.

Almaniya 1940-cı ilin yazında Danimarkanı işğal etdikdən sonra ABŞ Monro doktrinasının (ABŞ xarici siyasətinin prinsiplərinin bəyannaməsi (“Amerika amerikalılar üçün”) prinsiplərini Qrenlandiyaya qədər genişləndirərək onu faktiki olaraq hərbi himayəsinə götürüb. 1941-ci ilin aprelində Danimarkanın sürgündəki hökuməti Qrenladiyanın müdafiəsi ilə bağlı ABŞ ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, Atlantik okeanın şimalında gəmi konvoylarını qorumaq üçün adada ABŞ-nin meteoroloji və radio stansiyaları yaradılıb, radarlar yerləşdirilib, uçuş zolaqları və digər obyektlər inşa olunub. 

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Danimarka Qrenlandiya üzərində suverenliyinin bərpasına nail olsa da, ABŞ orada əsas hərbi-strateji obyektlərini saxlaya bildi. 1951-ci ilin aprelində isə Şimali Atlantika Alyansı (NATO) çərçivəsində yeni saziş bağlanıldı. Sazişə əsasən, 1951–1952-ci illərdə adanın şimal-qərbində yerləşən Tuledə (Kanak, indi Pituffik kosmik bazası) daimi baza tikildi. “Soyuq müharibə” dövründə ada ABŞ-nin Arktikaya açılan qapısı hesab olunurdu. 

Hərbi obyektlərdən Avropaya uçan hərbi təyyarələrə yanacaq doldurmaq və strateji bombardmançı təyyarələri, o cümlədən nüvə silahına malik təyyarələri yerləşdirmək üçün istifadə olunurdu. 1959–1967-ci illərdə Tule bazasından 240 kilometr şərqdə nüvə reaktoru ilə təchiz edilmiş “Camp Century” buzaltı tədqiqat bazası fəaliyyət göstərirdi. Ümumilikdə, adada 10 minə qədər Amerika hərbi qulluqçusu və mühəndisi yerləşirdi. 1968-ci ilin yanvarında Tule aviabazası yaxınlığında 4  B28FI termonüvə bombası daşıyan B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğradı və ərazinin radiasiya ilə çirklənməsinə səbəb oldu.

 Pituffik kosmik bazası bu gün də böyük əhəmiyyət kəsb edir. Bu, ABŞ-ın ən şimal hərbi bazasıdır. Ballistik raketlərin erkən xəbərdarlıq sisteminin bir hissəsi olan radar stansiyasına ev sahibliyi edir. 2004-cü ildə ABŞ orada yerləşən radar sistemini təkmilləşdirməyə icazə alıb. 

ABŞ-ın adada maraqları

ABŞ siyasi dairələri 1867 və 1946-cı illərdə ən azı 2 dəfə Qrenlandiyanın alınmasını təklif ediblər. Xüsusən də Harri Trumen administrasiyası 1946-cı ildə Kopenhagenə adanı 100 milyon dollara almaq üçün gizli təklif göndərib, lakin bu plan Danimarka hakimiyyəti tərəfindən rədd edilib. 

Uzun müddətdən sonra, 2019-cu ildə ABŞ prezidenti Tramp yenidən Qrenlandiyanı Danimarkadan almaq ideyası ilə gündəmə gəlib və 2024-cü ilin noyabrında prezident seçkisində qalib gəldikdən sonra, “ölkədə milli təhlükəsizliyi və dünyada azadlığı” təmin etmək üçün bu təklifi təkrarlayıb. “Washington Post” onun iddialarını Rusiya və Çinin Artikada artan nüfuzunu neytrallaşdırmaq üçün "hərtərəfli missiya" ilə əlaqələndirib 

Trampın komandası tərəfindən adaya marağın artması yalnız Qrenlandiyanın coğrafi mövqeyi ilə deyil, həm də nadir torpaq metallarının böyük ehtiyatları ilə bağlıdır. “Reuters” xəbər verir ki, ABŞ Qrenlandiyada bu metallarla zəngin yatağın Çinə satmasının qarşısını alıb. 

Qeyd edək ki, 1950-ci illərin sonundan etibarən Tule eskimosları ABŞ hərbi bazasının tikintisi nəticəsində itirdikləri torpaqların geri qaytarılmasını tələb edirlər. Qrenlandiyada bir sıra siyasi qüvvələr isə 1951-ci ildə Danimarka–Amerika müdafiə müqaviləsinə yenidən baxılmasını və Tule bazasının bağlanmasını tələb edirlər. Qrenlandiyanın baş naziri Mute Eqede deyib: “Biz danimarkalı və ya amerikalı olmaq istəmirik, biz qrenlandiyalı olmaq istəyirik. Status-kvo artıq seçim deyil. Başqa bir yol tapmalıyıq”.

Egede qeyd edib ki, daha əvvəl Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil etmək istəyini ifadə edən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla hələ danışmayıb. O, əlavə edib ki, bu mövzuda dialoqa başlamağa hazırdır.

Qrenlandiya 2,2 milyon kvadrat kilometr ərazisi ilə dünyanın ən böyük adasıdır. Şimali Amerika sahillərində, Atlantikanın quzeyində yerləşir. İnzibati cəhətdən Danimarka daxilində muxtar ərazidir, öz hökuməti və digər dövlət orqanlarına malikdir. Krallıq xarici siyasət və müdafiə üzərində nəzarəti həyata keçirir və Danimarka kronu rəsmi valyuta rolunu saxlayır. Qrenlandiya Aİ-nin üzvü deyil, lakin müəyyən gömrük imtiyazlarına malik assosiativ üzv statusuna malikdir. Onun sakinləri Avropa İttifaqının vətəndaşlarıdır.

P.ƏFƏNDİYEV
XQ

Chosen
12
xalqqazeti.az

1Sources