EN

“Milan” geridönüşlə əzəli rəqibinə çatdı - İCMAL

Yanvarın 6-da Səudiyyə Ərəbistanında İtaliya Superkubokunun qalibi müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, paytaxt Ər-Riyadda keçirilən və ümumilikdə 37-ci dəfə təşkil edilən turnirin finalında Milan derbisinin həyəcanı yaşandı. Dramatik keçən matçda “İnter”i məğlub edən “Milan” əzəli rəqibinə çatdı.

final
İnter – Milan 2:3 (1:0)

İnter: Zommer, Dyumfris, Bissek, De Vrey (Darmian, 85), Bastoni, Dimarko (Auqusto, 66), Barella (Frattezi, 84), Mxitaryan (Zyelinski, 65), Çalhanoğlu (Asllani, 35), Lautaro Martines, Taremi.
Milan: Menyan, Ernandes, Tiav, Tomori, Emerson (Kalabriya, 87), Reynders (Loftus-Çik, 77), Fofana, Musa (Abraham, 77), Pulişiç, Ximenes (Leao, 50), Morata.
Qollar: Lautaro Martines, 45+1 (1:0). Taremi, 47 (2:0). Ernandes, 52 (2:1). Pulişiç, 80 (2:2). Abraham, 90+3 (2:3).
Vərəqələr: Mxitaryan, 51. Dyumfris, 54. Tomori, 57. Barella, 72. Bastoni, 89 - sarı.
Hakim: Simone Sotsa.
6 yanvar. Ər-Riyad. 24841 tamaşaçı.

Qeyd edək ki, 2023-cü ildən Superkubokun formatında dəyişiklik edilib. İtaliya çempionu ilə ölkə kubokunun son qalibi arasında keçirilən bir oyundan ibarət mübarizənin əvəzinə 4 komandanın iştirakı ilə mini-turnirin təşkilinə qərar verilib. Son illərdə olduğu kimi, yenə Səudiyyə Ərəbistanının evsahibliyi etdiyi turnirin reqlamentinə əsasən, yarımfinal oyunlarında A seriyasının son çempionu “İnter” ilə ölkə kubokunun finalçısı “Atalanta”, vitse-çempion “Milan” isə kubokun sahibi “Yuventus” ilə qarşılaşdı. Bu mərhələnin hər iki oyunu paytaxt Ər-Riyaddakı “Əl-Əvval Park” stadionunda keçirildi. “İnter” “Atalanta”nı iki cavabsız qolla, “Milan” isə “Yuventus”u 2:1 hesabıyla məğlub etməklə finala çıxmışdı. Qeyd edək ki, “Milan”ın baş məşqçi vəzifəsinə dekabrın sonunda istefaya göndərilən Paulu Fonsekanın yerinə təyinat alan Serjio Konseysao debütdə qələbə qazanmışdı. Superkubokun finalına ardıcıl 4-cü dəfə çıxan “İnter” turnirin həlledici matçına 13-cü dəfə vəsiqə qazanmaqla əzəli rəqibi “Milan”a çatmışdı. Bu planda rekordun “Yuventus”a (17 dəfə) məxsus olduğunu da bildirək. Digər maraqlı fakt “İnter”in superkuboku ardıcıl 3 dəfə qazanmaqla məhz “Milan”ın rekordunu təkrarlaması idi: “qırmızı-qaralar” bu turnirdə 1992-94-cü illərdə qalib gəlməklə ardıcıl qələbə sayında rekord müəyyən etmişdilər. Onu da xatırladaq ki, “Milan” bu mövsüm A seriyasında “İnter”ə qalib gəlmişdi: ötən il sentyabrın 22-də baş tutan derbidə Pulişiç və Qabbyanın vurduğu qollar “qırmızı-qaralar”a 2:1 hesablı qələbə qazandırmışdı (“İnter”in yeganə qolunun müəllifi Dimarko olmuşdu).

Superkubokun yenə “Əl-Əvval Park” stadionunda baş tutan həlledici matçı adına layiq şəkildə keçdi. Finalın əvvəlində “İnter” diqtə edən tərəf idi. “Milan” əzəli rəqibinin təzyiqinə uzun müddət davam gətirdi, lakin Martines fasilə ərəfəsində Taremidən aldığı topu tora qovuşdurdu. Argentinalı dünya çempionu cari mövsümdə o qədər də məhsuldar oynamasa da, onun vurduğu qol “Milan”ın ilk hissədəki bütün əzmkarlığını heçə endirdi. İlk yarıda digər yaddaqalan məqam Çalhanoğlunun 35-ci dəqiqədə zədə alması oldu. “Milan”ın azarkeşlərinin meydanı tərk edərkən türk yarımmüdafiəçini uğultu ilə yola salmasını gözləmək olardı (Hakan 2017-21-ci ildə məhz “Milan”da çıxış edib – red.).
Simone İnzaqinin komandası ikinci hissəyə də qolla başladı: matçı əla keçirən Taremi 47-ci dəqiqədə De Vreyin ideal ötürməsini dəyərləndirməklə “İnter”in üstünlüyünü iki topa çatdırdı. İranlı hücumçunun qara-göy formada keçirdiyi 21-ci matçda oyun vəziyyətində ilk qolunu vurduğunu qeyd edək. Amma Mehdinin canfəşanlığı komandasına kubok qazandırmadı. Ona görə ki, “Milan” qalan vaxtda inanılmaz əzmkarlıq nümayiş etdirdi. Əvvəlcə Ernandes cərimə zərbəsi ilə fərqi minimuma endirdi. “Qırmızı-qaralar” bu qolla sanki əlavə enerji ilə təchiz olundular. “İnter” isə əsəbi komanda təsiri bağışlamağa başladı. Bu isə İtaliyanın son çempionunun oyununa mənfi təsir etdi. 62-ci dəqiqədə Reyndersin hesabı bərabərləşdirməsinə Bastoni başı ilə mane oldu. Amma “Milan” fəallığının bəhrəsini 80-ci dəqiqədə Pulişiç ilə gördü. Son dəqiqələrdə İnzaqinin komandası şok yaşadı. Meydana ikinci hissədə çıxan oyunçulardan Leao sürəti hesabına 4 rəqibini arxada qoyaraq Abrahamın qələbə qolunu vurmasına şərait yaratdı. Yarımfinalda “Yuventus”a qalib gələn “Milan” turnirdə növbəti geridönüş etdi, Konseysao isə yalnız iki oyuna titul qazandı!

Yeri gəlmişkən...
Superkubokun qalibi “Milan” əlavə olaraq 8 milyon, finalçı “İnter” 5 milyon avro qazandı. Yarımfinalların qalibləri olan bu klublar hərəyə 3,6 milyon avro irəli düşmüşdülər. Finala çıxa bilməyən “Atalanta” ilə “Yuventus”un qazancı isə hərəyə 1,6 milyon avro oldu.

Maraqlıdı...
“Milan”ın baş məşqçisi Konseysao komandasının superkuboku qazanmasını maraqlı şəkildə qeyd edib. Portuqaliyalı mütəxəssis matçdan sonra paltardəyişmə otağında siqar çəkərək futbolçularla rəqs edib. Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Faktlar
* 2016-cı ildən sonra ilk dəfə turnirin qalibi olan “Milan” superkuboku 8-ci dəfə qazanmaqla “İnter”ə çatdı. Bu kuboku daha çox qazanan komanda “Yuventus”du (9 dəfə).
* “Milan” əzəli rəqibini ardıcıl ikinci dəfə məğlub etdi. Ötən ilin sentyabrında İtaliya çempionatında 1:2 hesabıyla uduzan “İnter” daxili yarışlarda 14 oyunluq məğlubiyyətsiz (12 qələbə, 2 heç-heçə) seriyaya nail olmuşdu. Ölkə çempionunun bu seriyası məhz derbidə qırıldı!
* Konseysao “Milan”ın baş məşqçisi kimi ikinci oyununda titul qazandı. O, 1929/30 mövsümündən sonra komandaya daha az matçda başçılıq etməklə kubok qazanan məşqçi oldu. Bu planda əvvəlki rekord 2016-cı ildə baş məşqçi kimi 18-ci oyununda ölkə superkubokunu qazanan Vinçentso Montellaya məxsus idi.
* Konseysao İtaliya superkubokunu 2-ci dəfə qazandı. O, bu titula ilk dəfə 1998-ci ildə “Latsio”nun oyunçusu kimi sahib çıxmışdı.
* Finaldan əvvəl müxtəlif turnirlərdə keçirdiyi 9 oyunda yalnız 2 qol buraxan “İnter” bazar ertəsi qapısında 3 top gördü.
* Lautaro Martines İtaliya Superkubokundakı qollarının sayını 4-ə çatdırdı. “İnter”in argentinalı hücumçusu turnirin ən yaxşı bombardiri Paulo Dibalaya məxsus rekordu təkrarladı.

Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi:
“İlk növbədə “Milan”ı təbrik edirəm, rəqib sona qədər təslim olmadı. Hesab 2:0 olarkən oyuna daha yaxşı nəzarət etməli idik. Hesab 2:1 olarkən növbəti qolları vurmaq üçün kifayət qədər şansımız oldu. Menyan mövqeyində çox yaxşı oynadı. “Milan”ın çox güclü pressinq etdiyini deməzdim. İlk hissədə daha yaxşı oynaya bilərdik, sonra isə əvəzləmələr oyunun axarına təsir etdi. Bir neçə oyunçumuzun zədələndiyini deməliyəm. Rəqib isə meydana güclü futbolçular çıxardı. Bu, bizim üçün çox acı məğlubiyyətdi. Nəticə adamı yaralayır. İstənilən məğlubiyyət ağrılı olur. Ancaq komandamız belə hallardan sonra həmişə ayağa qalxmaq bacarığını nümayiş etdirib. Son 18 gündə 6-cı oyuna çıxmışdıq. Bundan sonra da ayağa qalxmalıyıq”.


Serjio Konseysao, “Milan”ın baş məşqçisi:
“Komandama görə çox sevinirəm. Belə oyunda dönüş yaratmaq heç də asan olmadı. Matçın əvvəli və gedişi bizim üçün arzulanan deyildi. Amma əsl şücaət göstərdik. Komanda oyunu planında vacib detallar üzərində işləmək üçün bir neçə günlük imkanımız oldu. Bu turnirdə iki çox güclü komandaya qarşı oynadıq. Yeni məşqçi heyəti bir çox oyun komponentinə əl gəzdirməli oldu. Amma bu nəticəni reallaşdıran əsas qüvvə yeni ideyaları qəbul etməyi bacaran oyunçular oldu. Hücumda bir sıra səhvləri aradan qaldırdıq. Lakin fasilə ərəfəsində qapımızdan top buraxmaqla ciddi zərbə aldıq. İkinci hissənin əvvəlində növbəti səhvə görə ikinci qolu buraxdıq. Bütün çətinliklərə baxmayaraq, “Milan”ın xarakterə malik olduğunu göstərdik. Zarafat deyil, bu yarışda iki güclü rəqiblə oyunlarda əzmkarlıq nümayiş etdirdik. Fasilədə məşqçi oyuna müdaxilə etmək şansına malik olur. Bu, mənim işimdi və buna görə mənə pul ödənilir. Daha kompakt oynamaq istəyiriksə, bütün bəndlər vacibdi və onlar arasında məsafə böyük olmamalıdı. Heyətdə komanda kimi daha yaxşı oynamaq imkanı yarada bilən müdafiəçilərlə yarımmüdafiəçilərimiz var. Amma yenidən böyük “Milan”a çevrilmək üçün daha böyük şücaət tələb olunur. Heç kimdən və heç nədən çəkinməməliyik. Bunun üzərində işləyirik və futbolçular komanda kimi nə istədiyimizi bilirlər. Birlik nümayiş etdirməklə qarşıdakı dörd ayda İtaliya çempionatında və Çempionlar Liqasında yaxşı nəticələr göstərə bilərik. İndi superkuboku qazandığımız üçün bayram edirik, amma sabahdan “Kalyari” ilə oyun haqda düşünəcəyik”.

1Sources