EN

Azərbaycan cəmiyyətinin mövqeyi bəllidir

Yanvarın birinci ongünlüyündə baş tutan səfirlər konfransında ölkəsinin uğursuzluqlarının səbəblərinin axtarışına çıxan Makron bir yenilik kəşf edibmiş kimi burada guya Azərbaycanın apardığı siyasətin də mənfi rol oynadığına xüsusi vurğu edib. Səbəb və nəticələrin düzgün uzlaşdırılmadığı absurd iddialardır. Belə çıxır ki, böyük Fransa uzaqlarda yerləşən 10 milyonluq Azərbaycan qarşısında aciz durumdadır.

 Ancaq Makronun diplomatik korpus qarşısında  Azərbaycandan şikayətçi düşməsi yalnız onun çarəsizliyi ilə bağlı deyil. Biz bilirik ki, ölkəmizi qaralamaq son illərdə Yelisey Sarayının siyasətinin ana xəttinə çevrilib. Makronun sərsəm iddiaları da bu pis ənənənin davamıdır. Bəs Fransanın hazırkı rəhbərliyinin Azərbaycana münasibətdə belə aqressiv mövqe tutmasını şərtləndirən amillər hansılardır? Bu suala Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl yerli televiziya kanallarına verdiyi müsahibəsində aydınlıq gətirib.

Fransanın siyasi mühitinə hakim kəsilən azərbaycanafobiya

Böyük tarixi olan bir dövlətin zamanla necə cılızlaşdığını Fransanın timsalında aydın şəkildə izləmək mümkündür. Dünyada bir çox mütərəqqi yeniliklərin intişar tapdığı bu ölkə  barəsində E.Makronun iki prezidentliyi dönəmində “uğursuz dövlət” imici formalaşıb. Təəssüf doğuran haldır ki, siyasi təbəddülatlar, permanent hökumət böhranları, ifrat sağçıların aparıcı siyasi qüvvəyə çevrilmələri, paytaxtı və əyalətləri bürüyən etirazlar fonunda  bu mənfi tendensiya daha da güclənir.  Ən acınacaqlı məqam isə ondan ibarətdir ki, Yelisey Sarayı tənəzzülün səbəblərini araşdırmaq, buna gətirib çıxaran siyasəti dəyişmək əvəzinə, uğursuzluğun “günahkarlarını” ölkə hüdudlarından kənarda, o cümlədən də Azərbaycanda axtarır. Prezident İlham Əliyev müsahibəsində Fransa siyasətində qırmızı xətt kimi keçən bir məqama xüsusi diqqət çəkib. Bu məqam ölkənin siyasi dairələrində Azərbaycana münasibətdə konsensusun olması ilə bağlıdır. Ötən il Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən son seçkilər bir daha təsdiqlədi ki, Fransanın siyasi mühiti yekcins deyil, burada  müxtəlif partiyalar və ayrı-ayrı siyasətçilər proseslərə hansısa formada təsir göstərirlər. Prezident İlham Əliyevin bildirdiyi kimi, əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Bu, ikrah doğuran bir mənzərədir. Təsəvvür etmək çətindir ki, hakimiyyətdə və müxalifətdə olan qüvvələri Azərbaycana aqressiv münasibət birləşdirir.  Bu “həmrəylik” keçmiş Dağlıq Qarabağ münaqişəsi dönəmində olduğu kimi,  postmüharibə mərhələsində də tez-tez özünü büruzə verir. Bunun təsdiqi olaraq seçkilərdə Makronun rəqibi olan bir sıra siyasi fiqurların, o cümlədən də Paris merinin, qısa müddətdə Baş nazir postunu tutan Mişel Barnyenin Ermənistana və Rusiya sülhməramlılarının fəaliyyəti dönəmində Xankəndinə qeyri-qanuni səfərlərini xatırlamaq kifayətdir. Fransa siyasi səhnəsində Azərbaycana qarşı getdikcə daha da möhkəmlənən “həmrəyliyin” kökündə dayanan bəzi səbəblərə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Burada məsələnin kökünün, necə deyərlər, nədən ibarət olduğunu demək mənim üçün çətindir, amma yəqin ki, hansısa sintez var. İslamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir. Amma təkcə bunlar deyil, yeri gəlmişkən, antisemitizm də. Bu, hamıya yaxşı məlumdur. Üstəlik, erməni təsiri, erməni lobbisi və hər kəs erməni icmaları qarşısında fərqlənməyə və həm indi, həm də gələcəkdə hansısa dividendlər əldə etməyə çalışır, onlar başa düşürlər ki, hakimiyyətdə qısa müddətdə qalacaqlar, bəzilərində isə bu, ani xarakter daşıyır. Yəni, gələcək üçün dəstək almaq və “mən sizdənəm” demək yəqin ki, həmin amillərdən biridir”.

Fransa - Azərbaycan münasibətlərinin bu dərəcədə pisləşməsinə, əlbəttə ki, Yelisey Sarayının hazırkı rəhbərinin şəxsi keyfiyyətləri də özünün mənfi təsirini göstərir. Prezident İlham Əliyevin bildirdiyi kimi, burada daha bir amil fransız rəhbərliyinin siyasi cəhətdən səriştəsiz olmasıdır. Makronun sələfləri hakimiyyət olimpinə müxtəlif pillələrdən keçərək və təcrübə toplayaraq yüksəliblər. Bundan əvvəlki dönəmlərdə ölkələrimiz arasında münasibətlər həmişə çox uğurla inkişaf edib. Təkcə belə bir faktı qeyd etmək yerinə düşər ki, bizim  Fransanın 13 şəhəri ilə qardaşlaşmış münasibətlərimiz olub. Çoxlu sayda mədəni tədbir keçirmişik. İndiki prezidentin siyasi sifarişləri əsasında isə bütün bunların üstündən xətt çəkmək yolu tutulub. Təhlillər o qənaətə gəlməyə əsas verir ki, Makron tarixdə bugünkü uğursuz Fransanın uğursuz lideri kimi qalacaq

Azərbaycan neokolonial siyasətlə bağlı mövqeyini bundan sonra da dəyişməyəcək

Yelisey Sarayını Azərbaycana münasibətdə incik salan həm də ölkəmizin müstəmləkəçiliyin bütün təzahürlərinə, o cümlədən də Fransanın Afrikada, dənizaşırı ərazilərdə ağır şərtlər altında davam etdirdiyi neokolonializm siyasətinə qarşı barışmaz mövqe tutmasıdır. Bəşəriyyətin yüksək inkişaf səviyyəsinə çatdığı XXI yüzillikdə keçmişin ikrah doğuran qalığı olan müstəmləkəçilik və sümürmə siyasətindən əl çəkməməsi Fransa üçün böyük üzqarasıdır. Bu gün Fransa dünya üzrə müstəmləkəçilik siyasətini bu və ya digər formada davam etdirən azsaylı dövlətlərdən biridir. Bu ölkənin ərazisinin 18 faizini dənizaşırı koloniyalar təşkil edir. Məsələ burasındadır ki, Fransa müstəmləkəçilik tarixində öz nəzarətində saxladığı ölkələrə yaxşı heç nə verməyib. Əvəzində isə sümürmə siyasətinin əhatə dairəsini genişləndirib, yerli əhalinin hüquqlarını daha qəddarcasına pozub, onları məqsədyönlü şəkildə assimilyasiyaya məruz qoyub, soyqırımları həyata keçirib.

Təbii ki, zaman ötdükcə, müstəmləkə ölkələrinin xalqları azadlıq istəklərini daha qətiyyətlə ortaya qoyurlar. Bunun nəticəsidir ki, son vaxtlarda Fransa bir neçə müstəmləkə ölkəsindən biabırcasına qovulub. Onu da qeyd edək ki, bu mənzərə Azərbaycan xalqına da yaxşı tanışdır. Biz də uzun illər ərzində təxminən eyni vəziyyətdə olmuşuq. Ancaq müstəqillik arzusunu heç vaxt qəlbimizdən çıxarmamışıq. İş elə gətirdi ki, müstəqilliyimizin ilk illərində də bir sıra çətinliklərlə, o cümlədən də Fransanın dəstək verdiyi Ermənistanın işğalçılıq siyasəti ilə üzləşdik. Biz bu vəziyyətdən xalqımızın güclü iradəsi sayəsində çıxdıq. Müstəmləkə ölkələrinin faciəsi isə həm də ondadır ki, Yelisey Sarayı onları informasiya blokadasında saxlamağa çalışır. Azadlıq mübarizəsinə qalxan xalqların səsi dünyada eşidilmir. Buna biganə qalmaq mümkündürmü? Əsla! Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Vurğulamaq yerinə düşər ki, son vaxtlarda Azərbaycan Fransanın müstəmləkəçilik əsarətindən qurtulmaq istəyən xalqların təmsilçilərinin iştirakı ilə bir neçə beynəlxalq tədbirə məmnuniyyətlə ev sahibliyi edib. Həmçinin Bakı Təşəbbüs Qrupunun ardıcıl şəkildə həyata keçirdiyi fəaliyyətlərin nəticəsi olaraq Fansanın Yeni Kaledoniyada, Martinikada, Korsikada və digər ərazilərdə törətdiyi cinayətlər beynəlxalq müstəviyə çıxarılıb və dünya ictimaiyyəti bundan məlumatlandırılıb. “... Biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

1Sources