Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında keçirilən məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyi barədə hakimə məlumat verilib.
Qeyd olunub ki, notariusda barışıq əldə olunub. Tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.
Daha sonra məhkəmə müşavirə edərək qərar qəbul edib.
Qərara əsasən, iddiadan imtina edildiyi üçün icraata xitam verilib.
Məhkəmə prosesində Ağadadaş Ağayev iştiral etməyib.
Digər tərəfi isə məhkəmədə “MedEra Hospital”ın nümayəndəsi Sənan Şirinov təmsil edib.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.
Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.