EN

“Xəmsə” rəsmləri Ədəbiyyat Muzeyində

Yanvarın 15-də Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Əməkdar rəssam İsmayıl Məmmədovun  fonda qəbul edilən əsərlərinin təqdimatı keçirilib. 

Muzeyin direktoru, akademik Rafael Hüseynov bu il mədəniyyət ocağının fəaliyyətə başlamasının 80 ilinin tamam olduğunu xatırladaraq bildirib ki, ötən illər ərzində bu mədəniyyət ocağının zənginləşdirilməsi, fond materiallarının bərpası istiqamətində ardıcıl, gərəkli işlər görülüb. İsmayıl Məmmədovun da Azərbaycan rəngkarlığında və kitab qrafikası sahəsində özünəməxsus yolu və üslubu ilə seçilən rəssamlarımızdan olduğunu söyləyən akademik Rafael Hüseynov yubiley ərəfəsində onun əsərlərinin muzeyin fonduna daxil edilməsini önəmli hadisə kimi qiymətləndirib. O, Əməkdar rəssam İsmayıl Məmmədovun qədim Azərbaycan dastanı, yazılı xalq ədəbiyyatının ən qədim abidəsi olan “Kitabi-Dədə Qorqud”a əsaslanan rəsmlərdən ibarət hazırladığı 2013-cü ilin təqviminin dəyərini xüsusi qeyd edib.

İsmayıl Məmmədovun yaxın dostu, Azərbaycan Memarlar və Rəssamlar ittifaqlarının üzvü Şahvələd Məmmədov mərhum rəssamın dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si əsasında çəkdiyi əsərləri muzeyin fonduna təqdim edib. O bildirib ki, fırça ustasının zamanında çəkdiyi lövhələr “Xəmsə” məsnəvilərinə işıq salır.

Alban-udi xristian icmasının sədri, Bakı Dövlət Universitetinin elmi işçisi Robert Mobili Şahvələd Məmmədovun Qəbələ rayonunun Nic kəndində “Azərbaycan Udi ocağı”nda sonuncu din xadiminin evini muzey kimi bərpa etməsini Azəbaycan tolerantlığının nümunəsi olduğunu bildirib, mədəni irsin qorunub saxlanılması baxımından önəmini qeyd edib.

Akademik Rafael Hüseynov Şahvələd Məmmədova muzeyin təşəkkürnaməsini təqdim edib.

Qabil ƏLİYEV

XQ

Chosen
11
xalqqazeti.az

1Sources