Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclası keçirilir.
Azərbaycan,Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak edirlər.
Tədbirdə 9-cu iclasda qəbul edilən qərarlarının icrası, Sadələşdirilmiş Gömrük Dəhlizinin Yaradılması, “Transxəzər Gömrük Tranzit Portalı”, Elektron möhür və müasir izləmə texnologiyaları, Səlahiyyətli İqtisadi Operator mövzularında müzakirələr aparılacaq.
Tədbir çərçivəsində TDT-nin Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış TDT Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində TDT-yə üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və TDT çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanacaq.