EN

Azərbaycan Universiteti əməkdaşlarının 5 yeni kitabı çap olunub

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının əməkdaşları Elvin Talışınski, Səbinə Məmmədli, Abbas Qurbanov, Rəna Əsədova və Sosial işin təşkili kafedrasının əməkdaşları Nigar Şahhüseybəyova, Səadət Məmmədovanın dərs vəsaitləri çap olunub.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Bildirilib ki, Siyasi və İctimai Elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışinskinin “Beynəlxalq münasibətlər sahəsində istifadə olunan terminlərin izahlı lüğəti” adlı dərs vəsaiti iki hissədən ibarətdir. Vəsaitin birinci hissəsində 500 termin və onların izahı, ikinci hissəsində isə 100 beynəlxalq və regional təşkilat haqqına məlumat verilib. Təqdim olunan lüğət özündə beynəlxalq münasibətlər sahəsində istifadə olunan əsas terminoloji anlayışları, beynəlxalq aləmdə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatların təsnifatını əks etdirən sorğu dərs vəsaitidir. Terminlər əlifba sırası ilə düzülüb, elmi və siyasi-hüquqi təriflərlə müşayiət edilib. Vəsait dövlət və hüquq nəzəriyyəsi, konstitusiya hüququ, beynəlxalq hüquq, politologiya, diplomatik etiket, siyasi tarix və bu kimi fənlərin tədrisi və öyrənilməsində istifadə oluna bilər.

 

Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədlinin “1918-ci il Şamaxı soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində” adlı monoqrafiyası geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqorafiyada 1918-ci ilin mart-iyul aylarında Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlərində Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın da məqsədyönlü plan əsasında türk-müsəlman əhaliyə qarşı törədilən kütləvi soyqırımı, əhalinin məruz qaldığı fiziki-mənəvi zorakılıqlar, hadisələrin gedişatı, təfərrüatları, eyni zamanda Avropa və Amerikada Azərbaycan əlayhinə yönələn gözdənsalma kampaniyasına nail olmaları ilk dəfə olaraq Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında tədqiq edilib.

 

Siyasi və İctimai Elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanovun “İslam Mədəniyyəti Tarixi” adlı dərs vəsaitində isə dünya mədəniyyətinə və insanların təfəkkürünə təsir edən İslam mədəniyyətindən və onun tarixi izlərindən, İslam dininin yüz illər ərzində formalaşdırdığı dəyərlər və institutlardan bəhs edilib. Vəsait, ilahiyyat, tarix, fəlsəfə, beynəlxalq münasibətlər və regionşünaslıq sahəsində təhsil alan tələbələr həmçinin tədqiqatçılar üçün nəzərdə tutulub.

 

Siyasi və ictimai elmlər kafedrasının müəllimi Rəna Əsədovanın “Birinci Dünya Müharibəsi və Azərbaycan iqtisadiyyatı: nəzəriyyə, tarixşünaslıq və mənbəşünaslıq məsələləri” adlı vəsaitdə müharibə və onun mahiyyəti, müharibəni doğuran səbəblər, müharibədə qarşıya qoyulan məqsəd və vəzifələr, müharibənin növləri, dünya müharibəsi anlayışı kimi nəzəri məsələlərdən yığcam şəkildə bəhs edilib. Birinci Dünya müharibəsinin Rusiya imperiyası miqyasında iqtisadiyyata, o cümlədən Azərbaycanın sosial-iqtisadi həyatına təsiri araşdırılıb. Həmçinin problemin tarixşünaslığı ilə bağlı Sovet dövründə və müstəqillik illərində nəşr edilmiş əsərlər tənqidi nəzərdən keçirilib, mövzu üzrə əsas mənbələrin təhlilinə xüsusi diqqət yetirilib.

 

Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova və kafedranın dosenti Səadət Məmmədovanın həmmüəllifliyi ilə çap olunan “Sosiologiya” adlı dərslikdə sosiologiya elminin əsasları, mahiyyəti, inkişaf tarixi şərh edilib. Dərslikdə ailənin sosiologiyası, gənclərin sosiologiyası, mənəvi həyatın sosiologiyası, habelə mədəniyyət, elm və təhsil institutlarının inkişaf xüsusiyyətləri, dövlətin sosiologiyası, siyasətin sosiologiyası və digər mezo səviyyə sosioloji istiqamətlərlə yanaşı, XXI əsrdə aktual olan rəqəmsal sosiologiya, süni intellektin sosiologiya kimi istiqamətlər haqqında da məlumatlar təqdim edilib. Kitabda sosioloji tədqiqatın xüsusi istiqaməti olan empirik sosiologiyanın formalaşma tarixinə də nəzər salınıb.

Chosen
9
1
azedu.az

2Sources