EN

Yaxın Şərqdə SÜLH ANONSU – Müharibə bitir, yoxsa daha böyük qarşıdurma BAŞLAYACAQ?

İsraillə HƏMAS arasında sülhün əldə edilməsi istiqamətində mühüm addım atılıb.

Belə ki, Qəzza zolağında atəşkəs razılaşması əldə edilib. “Əl-Cəzirə” telekanalı razılaşmanın ilk mərhələsində 33 israilli girovun azad olunacağını və İsrail ordusunun Qəzza sərhədindən 700 metr geri çəkiləcəyini bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

2025-ci il üçün QORXUNC PROQNOZ – Bu bölgələrdə münaqişələr ALOVLANACAQ...


Tərəflərin məhbusları geri qaytarması və Qəzza sektoruna humanitar yardımın göndərilməsi üçün şərait yaradılması da razılaşmanın şərtlərinə daxildir. Qəzza zolağında atəşkəs razılaşması üç mərhələdən ibarət olacaq, birincisi mərhələ yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək.

Razılaşmanın əldə olunması beynəlxalq miqyasda da müsbət qarşılanıb. Belə ki, ABŞ və Türkiyə daxil olmaqla bir sıra ölkələr anlaşmanı dəstəklədiklərini bildiriblər. 

Nəhayət ki, Yaxın Şərqdə savaş başa çatır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Əziz Əlibəyli düşünür ki, Trampın fəaliyyətə başlamasından az sonra Yaxın Şərqdə qarşıdurma indikindən daha kəskin xarakter alacaq:

“Düşünürəm ki, belə bir yanaşma çox önəmlidir. Əslində bu, Baydenin gedişinə yönəlik atəşkəsə nail olmaq cəhdidir. Çünki prosesə yeni Tramp adminstrasiyasının münasibəti formalaşana qədər müəyyən vaxt keçəcək. Burada ikinci vacib faktor da var. Bu da ərəb ölkələrinin Tramp adminstrasiyası ilə yaxşı münasibətlərinin olması ilə bağlıdır. Bu mənada Bayden bir növ gedənə yaxın Misirlə Qətərin fəallaşmasını görməzdən gələ bilməz”.

Ekspertin fikrincə, başqa vacib məsələ isə odur ki, İsraillə HƏMAS nə zaman atəşkəsə yaxınlaşırsa, proseslər sıfırlanır və yenidən başlayır:

“Bu da fikrimcə, bir növ indilik Trampın gəlişinə hazırlıq məqsədi daşıyan fasilədir. Əminəm ki, yaxınlarda, Tramp hakimiyyətə başladıqdan az sonra atəşkəs rejimi pozulacaq və əvvəlkindən daha kəskin miqyasda qarşıdurma davam edəcək”.

Xatırladaq ki, HƏMAS və İsrail arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb. Bu müddət ərzində Qəzza zolağında 45 mindən çox şəxs həyatını itirib.

Rüfət Sultan, Bizim.Media

Chosen
6
bizim.media

1Sources