EN

Milli Kitabxanada “Professor Tehran Əlişanoğlu” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Bakı, 16 yanvar, AZƏRTAC

Milli Kitabxanada ədəbiyyatşünas, çağdaş ədəbi tənqidimizin görkəmli nümayəndəsi, professor Tehran Əlişanoğlunun 65 illiyi münasibətilə “Professor Tehran Əlişanoğlu” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə tənqidçi və publisist, professor Tehran Əlişanoğlunun əsərləri və “Ön söz” yazdığı, rəy verdiyi, redaktə etdiyi kitablar, elmi fəaliyyəti və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist, professor Tehran Əlişanoğlu Mustafayev (Tehran Əlişanoğlu) 1960-cı il yanvar 16-da Bakı şəhərində anadan olub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun) filoloji fakültəsini bitirib. 1985-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

“Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)” mövzusunda namizədlik, “XX əsr Azərbaycan nəsrinin poetikası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

Tehran Əlişanoğlunun tədqiqat obyekti əsasən XX əsr Azərbaycan ədəbiyyatı və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, elmi-nəzəri və tənqid problemləridir.

Chosen
8
azertag.az

1Sources