EN

Azərbaycanlıların həmrəyliyi

III məqalə

Həmrəylik və azərbaycançılıq

Azərbaycanda sosial-mənəvi və mədəni-siyasi həmrəyliyin birbaşa dövləçiliklə sıx bağlılığı faktı tariximiz boyu bir olmağımızın təməl təminedici amillərindəndir. Azərbaycanlıların birliyi dövlətçilik kontekstindən az da olsa uzaqlaşdığı dönəmlərdə toplumsal olaraq ciddi ziyanlar görmüşük. Həmrəyliyimizin real forması dövlətçiliyimizə və dövlətçiliyimizin qalıcı yolu həmrəyliyimizə sıx bağlıdır. Azərbaycanlıların dövləti ilə toplumunu (elin) birgəyaşayış fəlsəfəsini bir-birindən ayırmaq mümkün deyildir. Azərbaycançılığa bir də bu prizmadan baxmaq faydalı olardı.

Tədqiqatçılar “Ulu öndər Heydər Əliyev azərbaycançılığa yeni siyasi-ideoloji məzmun vermişdir” fikrini irəli sürəndə məhz bu kimi incə məqamları da nəzərdə tuturlar. Çünki azərbayançılıq məfkurəsi Heydər Əliyevin təqdimatında siyasi, ideoloji və mənəvi-mədəni xarakterli çoxlu sayda özəllikləri diqqətə almağı tələb edir. 

Azərbaycançılıqda həmrəyliyin müstəqil dövlətçilik aspektində məzmun alması prinsipial siyasi və ideoloji məqamdır. Bununla  Heydər Əliyev tarixi bir addım atmışdır. Birincisi, həmrəyliyin Naxçıvan sinerjisini ümumazərbaycan kontekstinə real transformasiya etmişdir. 

İkincisi, müasir mərhələdə müstəqil dövlət quruculuğunun uğurlu olmasının çox mühüm şərtlərindən birinə əməl edilməsi zərurətini cəmiyyətə çatdırmışdır. Həmin şərt müasir mərhələdə xalqın həmrəyliyinin birbaşa dövlətçiliyə xidmət etməsi gərəkliyi ilə bağlıdır. 

Həmrəyliyin azərbaycançılıqla bu anlamda yer alması onun praktiki faydasını təmin etmişdir. Görünür, başqa postsovet məkanı ölkələrində cəmiyyətin həmrəyliyi ilə dövlət quruculuğu arasında belə bir ahəngdarlığın olmaması səbəbindən orada müstəqil dövlət quruculuğunu davamlı etmək xeyli çətinliklərlə qarşılaşmışdır.  

Həmrəyliyin azərbaycançılıq kontekstinin başqa bir mühüm anlamı da mövcuddur. “31 dekabr” tarixi təsadüfən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi adlandırılmamışdır. Yəni həmrəylik faktiki olaraq bütün dünyanı əhatə edən miqyasda azərbaycanlıların bir olmasının rəmzidir. Məfkurəvi baxımdan bu, azərbaycançılığın qlobal miqyasa nüfuz potensialını ifadə edir. Eyni zamanda, problem daha dərin qatlarda qoyulur – hansı coğrafi məkanda yaşamalarından asılı olmayaraq, azərbaycanlılar fikir və əməl birliyinə yiyələnməyi özlərinin millət və Vətən qarşısında müqəddəs borcu kimi qəbul etməlidirlər. 

Azərbaycan ənənəsində bu özəlliyin mənası ayrıcadır. Ənənəvi olaraq, Azərbaycanın vətənsevər insanları azərbaycanlılıqları ilə fəxr etmişlər. Bu məqam bədii, tarixi və fəlsəfi təfəkkürümüzdə ciddi yer tutmuşdur. Son 300 il müddətində həmin keyfiyyət xeyli maneələrlə üzləşmişdir. Bu sırada azərbaycanlıların bir-birinə və dövlətçiliyə münasibətlərində müəyyən təhriflər (atrofiyalar) meydana gəlmişdi. 1991-1993-cü illərdə onun fəsadlarını daha çox hiss etdik. Buna görə də azərbaycanlıların qalıcı psixoloji natamamlıq kompleksinə düşməməsi üçün təsirli ideoloji yön zəruri idi. Onun dahiyanə və praktiki faydası yüksək olan tezisini ulu öndər Heydər Əliyev müəyyən etmişdir: “...həmişə fəxr etmişəm. indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Azərbaycanlı olması ilə fəxarət duyan hər bir insan soydaşlarına münasibətdə psixoloji olaraq müsbət köklənəcək. Bu da həmrəyliyin təməl şərtidir!

Deməli, maraqlı ideya-psixoloji “üçbucaq” yaranır: azərbaycançılıq-dövlətçilik-həmrəylik! Onlar bir-birini həm tamamlayırlar, həm də motivəedici faktorlar kimi eyni dərəcədə “mərkəzçi” rolunu oynaya bilirlər. Yəni hər üçü inkişafın mərkəzi ola bilir. 

Müasir elmdə bu məqam olduqca əhəmiyyətli faktor sayılır! Onun ideya kökü isə...Azərbaycan cəmiyyətinin özünüyaratması fəlsəfəsinin ana xəttini təşkil edən və qədimdən gələn bir keyfiyyətdədir. 

Türklərin “Yosun qanunu” və Delyozun “rizoma” anlayışı

Çox qısa izah edəcəm. “Yosun qanunu” qədimdən türk toplumlarının özünütəşkil fəlsəfəsinin mərkəzi müddəasıdır. Hüquq və qanun türk ictimai şüurunda sinonim olduğundan “yosun qanunu” da həm hüquqdur, həm də kollektivləşmənin başlıca fəlsəfəsi. Bu qanuna görə, türklər yalnız öz kökləri üstündə bir-biri ilə iç-içə olan sosial, siyasi, mənəvi, törə, mədəni şəbəkə (“hörgü, “naxış”) yaratmaqla mövcud ola bilərlər. Təbiətdə bunun örnəyi yosun və ya mamırdır. Bu elə bir bitkidir ki, həm veqetativ, həm də cinsi yolla havada, bitkilərdə, daşda, suda, dənizin dibində vahid orqanizm yaratmaqla, hər anında və hər miqyasda öz strukturunu təkrarlayır. Yosunun tərkib hissələri bir-biri ilə elə “əl-ələ” verir ki, hər biri inkişafın mərkəzi olur. Bu cür özünüyaratmaq üsulu qarşıya sonsuz sayda inkişaf istiqamətləri çıxarır və hər qarışı lazım olanda təşəbbüsü ələ alıb, avtonom inkişaf mənbəyinə çevrilir. 

Fransız filosof Jil Delyoz XX əsrdə “rizoma” anlayışını daxil etmişdir. Rizoma elə bir bitkinin nəzəri ifadəsidir ki, bizim ənənəmizdə olan yosun (və ya mamır) keyfiyyətlərinə malikdir. J.Delyozun rizoması ilə vahid inkişaf mənbəyi olmayan, hər qarışında avtonom təkamül qaynağı ola bilən sonsuz prosesin obrazıdır. Onun da vahid deyil, sonsuz sayda təkamül mənbəyi vardır. Bu keyfiyyətinə görə, rizoma daimi prosesliyi, dəyişkənliyi və inkişafı təmsil edir! Jil Delyozu XX əsr Qərb fəlsəfəsinin siması adlandırmışlar (Mişel Fuko)! 

Bu qısa nəzəri müqayisə Qərb nəzəri təfəkkürünün “aşiqləri” üçündür. Bir avropalı aparıcı filosof “yeni” adlandırdığı fəlsəfi təliminin mərkəzi anlayışını türklərin özünütəşkil fəlsəfəsinin əsas qanununa uyğun müəyyən etmişdir. Biz bu faktın heç bir izahını vermək fikrində deyilik. 

Yalnız onu vurğulayaq ki, qədimdən azərbaycanlıların özünütəşkil üsulunun başlıca məzmunu indi də çox aktualdır. Bu prizmada müasir mərhələdə azərbaycançılıq, həmrəylik və dövlətçiliyin mənaca vəhdətinə baxanda, müstəqil dövlət quruculuğuna güclü ictimai dəstəyin səbəbi ümumi fəlsəfi səviyyədə aydın olur! Məntiqi olaraq, bundan sonrakı mərhələ həmrəyliyin Azərbaycan nümunəsinin ümumtürk miqyasına nəticəverici proyeksiyası ilə bağlıdır.

Türk dünyasının həmrəyliyi

Hazırkı mərhələdə hər bir türk xalqının daxili həmrəylik fəlsəfəsini ümumtürk kontekstindən ayrı təsəvvür etmək mümkün deyildir. Sürətlə qloballaşan və regional təşkilatlanmanın getdikcə daha böyük geosiyasi əhəmiyyət kəsb etdiyi bir dönəmdə Türk Dövlətləri Təşkilatının (TDT) xalqların həmrəyliyi aspektində mənası da xüsusi anlam alır. Lakin real həyatda buna nail olmaq asan məsələ deyildir. Burada Azərbaycan təcrübəsi çox ciddi rol oynamaqdadır. 

Azərbaycanlıların həmrəyliyi nümunəsində həlledici faktorlar kimi mədəniyyət və Vətən sevgisi əsas rol oynayırlar. Türk xalqlarının ortaq mədəniyyətinin mövcudluğu şübhə doğurmur. Bu məsələni indi də aktuallaşdırmaq tam imkan daxilindədir. Yəni ümumtürk həmrəyliyinin mədəniyyət qanadı möhkəm təməllərə malikdir. “Ümumtürk Vətəni” anlayışı üzərində isə işləmək lazımdır. 

Məsələ onunla bağlıdır ki, hər bir türk xalqının öz müstəqil dövləti və bu anlamda konkret sərhədlər daxilində qəbul edilən vətəni vardır. Bir azərbaycanlı və ya qazaxın bütün türk coğrafiyasını həqiqi mənada vətən kimi qəbul etməsi ayrıca prosesdir. Əlbəttə, ümumi emosional səviyyədə türklər çox geniş bir ərazini öz vətənləri saya bilərlər və sayırlar da. Lakin real həyatda qalıcı olaraq “Ümumtürk Vətəni” anlayışının konkret məzmunu olmalıdır. Bu baxımdan türklərin Azərbaycan nümunəsində həmrəylik modelini qəbul etməsi faydalı olardı. O cümlədən, “türk xalqlarının müstəqil dövlətə  sahib olmaqla başqa hər bir türk toplumu ilə həmrəy olmanın fəxarətini yığcam hansı tezislə ifadə etmək praktiki nəticə verər?” sualı yalnız ritorika deyildir.     

Azərbaycan həmrəylik nümunəsindən ümumtürk miqyasında həmrəyliyə transformasiyanın fəlsəfəsində başqa bir əhəmiyyətli amil də vardır. Həmin məqam həmrəyliyin yalnız etnik-mədəni faktor kimi deyil, təşkilatçılıq aspektində regionlararası məkana nəticəverici tansformasiyası ilə bağlıdır. 

Regionlararası məkan

Regionlararası məkan hazırda bütün dünya dövlətləri üçün çox aktual mövzudur. Regional miqyasda təşkilatlanma ilə regionlararası miqyasda təşkilatlanma arasında ciddi fərqlər mövcuddur. Bu anlamda TDT-nin regionlararası məkanda başqa təşkilatlarla əməkdaşlığı ilə daxili həmrəyliyin uğurlu nisbəti ayrıca aktuallıq kəsb edir. Azərbaycan həmrəylik sinerjisinin regionlararası miqyasda həmrəylik və əməkdaşlıq üçün potensial imkanları mövcuddurmu? Bu, mücərrəd sual deyildir və gerçəkdən türk həmrəyliyinə nail olmaq baxımından aktuallığı yüksəkdir. 

Liderin regionlararası miqyasda siyasəti

Bizcə, bunun üçün azərbaycanlıların həmrəylik fəlsəfəsi ilə liderin regionlararası miqyasda siyasətinin əsas cəhətləri vəhdət təşkil etməlidir. Yəni həmrəylik nümunəsini liderin əməkdaşlıq və inteqrasiya siyasəti tamamlamalıdır. Hazırda mövcud olan təcrübə göstərir ki, bu kontekstdə Prezident İlham Əliyevin regionlararası miqyasda siyasəti yüksək və ədalətli inteqrasiya yarada biləcək keyfiyyətlərə malikdir. 

Belə çıxır ki, azərbaycanlıların həmrəylik nümunəsinin başlıca elementləri ilə liderin regionlararası siyasi kursunun birləşdirici, həmrəylik yaradıcı və ümumiyyətlə, inteqrasiyaedici keyfiyyətlərinin sintezi ümumtürk həmrəylik sinerjisinə real məzmun verə bilər. Müşahidə etdiyimiz gedişat artıq bu prosesin başladığını təsdiq edir. Onun iki özəlliyi özünü göstərir. 

Birincisi, qarşılıqlı faydalı əməkdaşlıq plartformalarının qalıcı posesə çevrilməsidir. İkincisi, humanitarlığın ön sıraya çıxarılmasıdır. 

Həmrəyliyin regionlararası formulu üçün bu iki məqam maraqlı təsir bağışlayır. 

Azərbaycan Prezidentinin regionlarası miqyasda siyasətində qarşılıqlı faydalı əməkdaşlıq platformasının plüralizmi diqqəti çəkir. Bu o deməkdir ki, söhbət elə bir dinamik platformadan gedir ki, istənilən situasiyada iştirakçıların hər biri üçün qəbul edilən əməkdaşlıq imkanı təmin edilsin. Bunu türk həmrəylik modelinin baza prisnipi hesab etmək olar. 

Eyni zamanda, humanitarlıq faktorunun ön sıraya çıxarılmasının strateji anlamı mövcuddur. Bu o deməkdir ki, türk təşkilatlanma üsulu və türk birliyi üçün humanitarlıq həlledici faktor sayılır. Daha maraqlısı TDT-nin bu ruhsal siyasi özəlliyi bütün dünyaya yaymaq niyyəti ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin TDT-nin yeni qlobal güc olmaq şansı haqqında fikir bildirməsi həmin kontekstdə təsadüfi deyildir. 

Beləliklə, həmrəyliyin Naxçıvan sinerjisi ilə Azərbaycan miqyası və ümumtürk miqyası arasında daxili əsaslı məntiqi və məzmun bağlılığı mövcuddur. Azərbaycan həmrəylik və birlik nümunəsi çox geniş geosiyasi məkanda həmrəylik, birlik və humanitarlıq platformalarının sintezi üçün böyük mənbədir! Bu gerçəklik gec və ya tez qəbul ediləcəkdir!     

  Füzuli Qurbanov, 
XQ-nin analitiki,
 fəlsəfə elmləri doktoru

Chosen
4
xalqqazeti.az

1Sources