EN

ABŞ–Ermənistan münasibətləri – demokratların gecikmiş demarşı

İrəvanın okeanın o tayında himayədar axtarışı

Təəccüblü heç nə baş vermir. ABŞ erməni diasporunun güclü olduğu iki ölkədən biridir. Aydındır ki, digəri Fransadır. İki əsr boyu beyinləri yuyulmuş bütün ermənilər kimi, bu ölkələrdəki hayların türklərə nifrət edən bir toplum olduğunu deməyə ehtiyac yoxdur. Bu toplumun özünü  “demokratiyanın beşiyi” sayan supergücün hakimiyyəti öz aralarında növbələşən iki partiyanın (daha çox demokratlara –red.) siyasətçilərinə, eləcə də mediaya güclü təsir rıçaqlarına malik olması da sirr deyil. Bəzilərini pulla göstərdikləri “xidmətlər” qarşılığında ələ alıblar, digərlərini şantajla, yaxud da xristian həmrəyliyi, islamofobiya ilə manipulyasiya etməklə öz tərəflərinə çəkiblər. Məhz bunun nəticəsi olaraq ABŞ Qarabağ münaqişəsinin müharibə alovuna çevrildiyi 1992-ci ildə separatizm və işğalla üzləşmiş Azərbaycana sanksiya tətbiq etdi, işğalçı Ermənistana isə yardımlarını artırdı. İndi də demokratların son Qafqaz “demarşına” şahidlik edirik. 

Suverenliyin müdafiəsi?

Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. Sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken imza atıblar. A.Blinken sənədin imzalanmasının Ermənistanla ABŞ arasında münasibətlərdə “mühüm mərhələ” olduğunu vurğulayıb. “Biz ABŞ–Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu, bizə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək imkanı verir. Buraya iqtisadi, təhlükəsizlik və müdafiə məsələləri, demokratiya, insan haqları kimi məsələlər daxildir”.                                                                   

Qarşıdakı həftələrdə Birləşmiş Ştatların Gömrük və Sərhəd təhlükəsizliyi heyətinin Ermənistana səfər edəcəyini bildirən A.Blinken “Eagle Partner” kimi birgə təlimlər vasitəsilə Ermənistanın sülhməramlı missiyasını gücləndirmək üçün Vaşinqton özünün “strateji tərəfdaşı” ilə sıx işləyəcəyini vurğulayıb.                                     

4 səhifədən, preambula və 3 bölmədən ibarət xartiyanın üçüncü bölməsi “Müdafiə və təhlükəsizlik” adlanır. Elə ikitərəfli 
şübhəli sövdələşmənin, yəni xartiyanın mahiyyəti və əsas niyyəti bu bölmədə “gizlənir”. Sənəddən, faktiki surətdə belə nəticə hasil olur ki, ABŞ Ermənistanın suverenliyinin təminatçısı missiyasını öz üzərinə götürür. Amma bu missiyanın görünməyən tərəfi Cənubi Qafqazda hərbi iştirakını reallaşdırmağı düşünən Vaşinqtonun məqsədi bu üsulla bölgədə Rusiyanın və İranın mövqelərini ələ keçirməkdir. 

İrəvanın boynuna bu oyunda yenə “maşa” rolunu oynamaq düşür. Dövlət katibi “Ermənistan–ABŞ Strateji Tərəfdaşlıq xartiyası əməkdaşlığın möhkəm təməlini qoyur və onu “daha iddialı” edir – deyəndə məhz bu məkrli planın altniyyətini açmış oldu. Hayların baş diplomatı Bayden administrasiyasına “minnətdarlıq nitqində” iki ölkə arasında “bütün sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi, demokratik təsisatların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiya və yüksək texnologiyaların inkişafı, eləcə də insanlar arasında əlaqələrin genişləndirilməsini” deyəndə Blinkenin sözünə “özünəməxsus şəkildə” qüvvət vermiş oldu.

Baydenin Qafqaz siyasətinin son akkordu

Erməni mediası “supergüc”lə Hayastan arasında “tarixi sövdələşmə”nin saxta eyforiyasını yaşamaqdadır. Sadəcə, bir məqamı qeyd etməyi unudurlar ki, məlum sənədi üç gündən sonra komandası ilə istefaya gedəcək Cozef Bayden administrasiyası imzalayıb. Bu sənəd, olsa-olsa, demokratların xarici siyasətdə son akkordu sayıla bilər. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövründə ikitərəfli xartiyanın müddəalarının həyata keçirilmə perspektivi məsələsi açıq qalır. 

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov bu barədə sosial platformada paylaşım edib: “Donald Trampın prezident seçkilərində qələbəsindən sonra, gözlədiyimiz kimi, Paşinyan hökuməti Ağ evin dəstəyini  davam etdirə bilmək üçün ABŞ-la münasibətləri mümkün qədər institutsionallaşdırmağa çalışdı. Lakin Bayden administrasiyasının özü indiki statusunda Paşinyandan az maraqlı deyil. Yəni, yol üstündə olan demokratlar Trampın diqqətini yönəltdiyi qlobal transformasiya perspektivlərini ört-basdır etmək üçün mümkün olan hər yerdə onun əl-qolunu bağlamağa çalışırlar. İkinci amil, fikrimcə, İranın mövqeyinin sərtləşdirilməsidir. Tehran bir neçə gün bundan əvvəl Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın dili ilə, faktiki olaraq, Ermənistana ultimatum elan etdi. 

Ermənistan–ABŞ sənədinin tezbazar imzalanması Tehrana İrəvanın okeanın o tayında güclü müdafiəçisinin olduğunu göstərmək məqsədi daşıyır. 2023-cü ilin sonundan ABŞ və Aİ Ermənistana hərtərəfli dəstək vermək öhdəliyi götürdülər və bu, aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə sənəd imzalanması ilə isbatlandı. Şübhəsiz ki, bu, geosiyasi addımdır və eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu geosiyasi xəttin (Gürcüstan–Ermənistan) həyata keçirilməsini nəzərdə tutur. Doğrudur, bu geosiyasi xəttlə hələ hər şey qaydasında deyil. Gürcüstanın Qərblə münasibətləri mürəkkəbləşib, lakin Ermənistanla hər şey öz yolu ilə gedir”.         

Oxucuların yadına salaq ki, Brüsseldə əldə olunan razılaşmalar Aİ və ABŞ-dan Ermənistana maliyyə yardımı ilə yanaşı, həm də gizli hissədə aktiv hərbi və hərbi-texniki əməkdaşlığı nəzərdə tutur. Bununla yanaşı, başqa vacib sual ortaya çıxır: sənədin mahiyyəti nə olursa-olsun, Tramp Baydenin müəyyən etdiyi xarici siyasət kursunu kor-koranə izləyəcəkmi? Onların arasında antaqonizm o qədər yüksəkdir ki, siyasi olimpdən gedənin istənilən hərəkəti seçilmiş prezidentdə antipatiya və özünəməxsusluq yaradır.                                                                                                            

F.Məmmədov bu mövzuda da fikirlərini bölüşüb: “Trampın Bayden və ümumən demokratların irsinə baxış tərzini nəzərə alsaq, deyə bilərik ki, hər şey o qədər də sadə deyil. Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-ın Azərbaycana qarşı siyasətini Ermənistanın maraqlarının süzgəcindən keçərək davam etməsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. Əslində, bu, uğursuz demokratların siyasətinin təkrarı olacaq”. 

Tramp daha vacib məsələlərlə məşğul olacaq

Bütün hallarda ABŞ-ın respublikaçı prezidentindən erməni maraqlarını qorumaq üçün Bayden və komandası kimi, Azərbaycana münasibətdə açıq addımlar atacağını gözləmək ağılsızlıq olardı. Demokratlar hətta strateji mövqelərdə belə  Bakıya müəyyən güzəştlərə getməyə bilməyiblər. Artıq Azərbaycan öz suverenliyi üçün optimal təhlükəsizlik dairəsi yaradıb. Bakının regional siyasi kursunu davam etdiriləcəyinə də şübhə yoxdur. Amma Donald Trampın başqa prioritetləri var. Digər maraqlı məqam odur ki, Tramp bu xartiyaya veto qoymasa da, ona məhəl verməyə bilər. Görünən odur ki, Ağ evi tərk edən ermənipərəst administrasiya Cənubi Qafqaz planında Ermənistana belə bir “hədiyyə” etmək qərarına gəlib. Bəs bu, Ermənistanın yaxın qonşuları ilə münasibətlərinə necə təsir göstərəcək? Məsələn, İrəvan və Tehran münasibətlərinin sıx və isti xarakteri həmişə vurğulanıb. İndi İranın ən qatı düşməni ilə strateji müttəfiqlik sənədinə imza atandan sonra Ermənistan–İran münasibətlərini nə gözləyir? Bir vacib faktı da nəzərə almaq lazımdır ki, yanvarın 20-də İran və Rusiya arasında əməkdaşlıq və qarşılıqlı dəstək haqqında strateji sənəd imzalanacaq. 

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov mövzu ilə bağlı XQ-yə açıqlamasında qeyd etdi ki, əgər bu, ABŞ-ın erməni diasporu üçün sürprizidirsə kifayət qədər gecikib: “Respublikaçı prezident buna necə reaksiya verəcək? Bu razılaşmanı təsdiqləyəcəkmi, onu reallığa çevriləcəkmi, hələ bilmirik. Hadisələrin sonrakı gedişatını proqnozlaşdırmağa imkanı verən başqa bir səbəb də var. Müxtəlif mənbələrdən, o cümlədən xarici mənbələrdən eşitdiyimə görə, Vaşinqton–İrəvan müqaviləsi Ermənistanla hansısa ölkə arasında baş verə biləcək münaqişəyə birbaşa hərbi yardım və ya müdaxiləni nəzərdə tutmur. Orada söhbət ancaq hərbi-texniki əməkdaşlıqdan, Ermənistan ordusunda islahatların aparılması səylərindən və bu ölkənin silahlı qüvvələrinə iqtisadi yardımdan gedir. Bu baxımdan yanaşanda, bir neçə aspekt görünür. Əvvəla, Tehranın Vaşinqtonla bu cür yaxınlaşmaya və iki dövlət arasında hərbi sahədə hüquqi konsolidasiyaya necə reaksiya verəcəyi maraqlıdır. Bu məsələdə Tehranın mövqeyini bilmək maraqlı olardı. 

Digər sual isə NATO ilə düşmən münasibətdə olan KTMT üzvü İrəvanın bu blokun əsas hərbi-siyasi oyunçusu Vaşinqtonla strateji müqaviləni hansı şərtlər daxilində imzalaması ilə bağlıdır”. Fikrini davam etdirən F.Sadıxov diqqəti rəsmi Vaşinqtonun mövqeyinə yönəltdi: “Yəni, bizə sülh danışıqlarında platforma, vasitəçilik rolu təklif edən və tərəfləri Vaşinqtona dəvət edən Bayden administrasiyası birdən-birə Ermənistana doğru kəskin dönüş edir. Bununla da indiyə qədər sülh üçün elədiklərini heçə çevirir. Yəni, Cənubi Qafqazda sülhlə bağlı verdiyi vədlərə, təmtəraqlı çıxışlara son qoyub. Bununla da təkcə sağlam məntiqə və beynəlxalq hüquqa deyil, həm də Cənubi Qafqaz regionunda mövcud vəziyyətə qeyri-adekvat addım atır. Hesab edirəm ki, bu gün Ermənistanı müdafiə edəcək heç kim yoxdur. Əgər Vaşinqton belə bir addım atırsa, bu, Moskvanı Cənubi Qafqazdan silmək cəhdi ilə bağlıdır. Amma, bu, başqa sualdır”.

Ağ ev işğalçını ruhlandırır

Qanlı separatizmlə və təcavüzlə üzləşən Azərbaycan özünü dünyanın supergücü sayan ABŞ-ın beynəlxalq hüquqa zidd davranışı ilə qarşılaşıb. Bunun yeganə adı – tarixi ədalətsizlikdir! Son 30 ildə Vaşinqtonun erməni işğalına açıq və gizli dəstəyi, Ermənistanı işğalçı dövlət kimi tanımaması, bu azmış kimi, separatçılara maliyyə dəstəyi ayırması, münaqişəyə ikili standartlı yanaşması postsovet məkanında başqa etnik qarşıdurmalara da yol açdı. 

Ağ evin Ermənistanla strateji tərəfdaşlıq xartiyası imzalaması daşnak-revanşistləri daha da ruhlandıracaq. Bu sənəd erməni təxribatlarına yeni stimul verə bilər. İntəhası, ermənilər anlamalıdırlar ki, ABŞ-ın 2020-ci ilə qədər onlara verdiyi dəstək işğalı sona qədər davam etdirməyə kömək etmədiyi kimi, bundan sonra da böyük məğlubiyyətlə üzləşəcəklər.                

Donald Tramp Administrasiyasının əsas xarici siyasət prioritetlərinin, o cümlədən Cənubi Qafqaza yönəlik kursunun necə formalaşacağı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ekspertlərin əksəriyyəti belə hesab edir ki, ümumilikdə, Cənubi Qafqaz, o cümlədən Ermənistan Tramp üçün prioritet olmayacaq. Bayden administrasiyası regiondakı siyasətini İrəvana dəstək imitasiyası üzərində quraraq, burada özünün forpostunu yaratmağa çalışırdı. Son nəticədə bunun Bakı ilə Vaşinqton arasında münasibətlərə mənfi təsir göstərdiyini xatırlamağın yeri var.                                                                                          

Prezident İlham Əliyev bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsində Donald Tramp Administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan yaxşı münasibətlərin qurulmasına ümid etdiyini bildirib. Azərbaycan dövlətinin başçısı, həmçinin qeyd edib ki, Vaşinqton belə maraq göstərərsə, rəsmi Bakı ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazırdır.

P.S. “Strateji xartiya”nın Ermənistana hansı dividendləri qazandıracağı ilə bağlı hay politoloq Arman Abovyanın qeydləri maraq doğurur: “Gələn həftə biz Ermənistana sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olacaq xüsusi qrup göndərəcəyik”. Bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken deyib. Onun sözlərini diplomatik dildən normal dilə çevirsək, belə çıxır ki, ABŞ xüsusi xidmət orqanları Ermənistan–İran sərhədinə gələcək. Bu isə İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanıdır. İndi gəlin birlikdə düşünək ki, rəsmi Tehran ABŞ hərbi agentlərinin onun qulağının dibində peyda olmasına necə reaksiya verəcək? Başa düşə bilmirəm ki, Paşinyan hakimiyyəti Aİ-yə üzvlüyə hazırlaşmaqla, ABŞ-la “strateji xartiya” imzalamaqla Ermənistanı intihara sürükləmək qərarına gəlib?”. Əlavə şərhə ehtiyac qalmır.  

İmran BƏDİRXANLI
XQ

 

Chosen
22
50
xalqqazeti.az

10Sources