Vətəninfo.az xəbər verir ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan “Fələstin müqavimət hərəkatı “Həmas” ilə İsrail arasındakı atəşkəs danışıqlarının razılıqla nəticələnməsini məmnuniyyətlə qarşılayırıq” dedi.
Prezident sosial media hesabından Qəzzada atəşkəsin təmin olunmasına dair etdiyi açıqlamada belə deyib: “Fələstinin müqavimət hərəkatı “Həmas” ilə İsrail arasındakı atəşkəs danışıqlarının razılıqla nəticələnməsini məmnuniyyətlə qarşılayırıq. Razılaşmanın başda fələstinli bacı-qardaşlarımız olmaqla bölgəmiz və bütün insanlıq üçün xeyirli olmasını, qalıcı sülh və sabitliyə qapı açmasını arzulayırıq. İsrailin hüquq və insanlıqdan kənar hücumları qarşısında torpaqlarını və azadlıqlarını cəsarətlə müdafiə edən Qəzzanın qəhrəman xalqını və igid övladlarını hörmətlə salamlayırıq.
Türkiyə olaraq zülmə və zalıma qarşı mübarizələrində fələstinliləri bir an belə yalnız qoymadıq. İnşallah, bundan sonra da Qəzza xalqının yanında olacaq və onların yaralarını sarmaq, yenidən ayağa qalxması üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Bu münasibətlə Qəzzanın torpaqlarını mübarək qanları ilə suvaran bütün şəhidləri rəhmətlə yad edir, atəşkəs razılaşmasının xeyirli olmasını uca Allahdan diləyirəm.”
Qeyd edək ki, İsrailin Qəzza Zolağında 2023-cü ilin oktyabrından bəri davam edən hücumlarında 45 mindən çox fələstinli qətlə yetirilib.