EN

"İmtahanlarda rəqəmsal texnologiyaların istifadəsi hələ tezdir"

“100.000-ə yaxın abituriyentin iştirak etdiyi imtahanlarda rəqəmsal texnologiyaların istifadəsi hələ tezdir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Elçin Süleymanov qeyd edib.

153398

Ekspert bildirib ki, rəqəmsal sistemlər insan faktoruna olan asılılığı, xüsusilə nəzarətçi sayını minimuma endirir:

 

“Gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə keçirilməsi imtahan prosesinin müxtəlifliyinə töhfə verə bilər. Lakin bu sistemin bütün ölkə üzrə tətbiqi hələ ki, çətinliklər doğurur. Xüsusilə blok (qəbul) kimi 100.000-ə yaxın abituriyentin iştirak etdiyi imtahanlarda rəqəmsal texnologiyaların istifadəsi hələ tezdir. Çünki burada yalnız internet bağlantısı və şəxsi hesabla imtahana daxil olmaq yetərli deyil”.

 

Ekspertin fikrincə, imtahanların təhlükəsizliyi, kənar müdaxilələrdən qorunması və nəzarətin effektiv şəkildə təmin edilməsi də vacib məsələlərdəndir:

 

“Bunun üçün yalnız Bakıda deyil, regionlarda da, Bakıdakı mərkəzlərə bənzər müasir imtahan mərkəzlərinin qurulması zəruridir. Bu infrastruktur təmin edildikdən sonra rəqəmsal sistemə keçid mümkündür. Belə mərkəzlərdə imtahanları eyni gündə deyil, müxtəlif tarixlərdə təşkil etmək lazım gələcək. Çünki rəqəmsal sistemlər insan faktoruna olan asılılığı, xüsusilə nəzarətçi sayını minimuma endirir. Bu, beynəlxalq "TOEFL" və "IELTS" imtahanlarında olduğu kimi, fərqli tarixlərdə keçirilən imtahan cədvəllərinin yaradılmasını təmin edə bilər”.

 

O, əlavə edib ki, ilk mərhələdə “TOEFL” və “IELTS”ə bənzər bir sistem qurulması mümkündür:

 

“Bu sistem vasitəsilə qeydiyyatdan keçmiş imtahan mərkəzlərinin nəticələri universitetlər tərəfindən qəbul edilə bilər. Hazırda Azərbaycanda bəzi qabaqcıl universitetlər beynəlxalq məktəb məzunlarını "SAT" və digər cari nəticələr əsasında qəbul edir. Belə bir rəqəmsal imtahan sistemi tətbiq edildikdə isə abituriyentlərə, beynəlxalq məktəb məzunlarına, həmçinin Azərbaycanda təhsil almaq istəyən xarici vətəndaşlara geniş imkanlar yaranar. Onlar rəqəmsal imtahanlarda iştirak edib öz nəticələri ilə universitetlərə müraciət edə bilərlər”.

Chosen
3
azedu.az

1Sources