Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 15-də Brüsselə işgüzar səfərə gediblər. Onlar Şimali Atlantika Alyansının Hərbi Komitəsinin NATO-ya üzv və tərəfdaş dövlətlərin Müdafiə Qərargah rəisləri formatında keçiriləcək iclasında iştirak edirlər.
Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, iclas yanvarın 17-nə kimi davam edəcək.
Məlumata görə, görüşün məqsədi müasir qlobal, regional təhlükələr və çağırışlar barədə məlumatlılığı artırmaq, habelə onların aradan qaldırılması üçün kollektiv həll yollarını tapmaqdır.
Müzakirələr iqlim dəyişikliyi, geniş yayılmış qeyri-sabitlik, yeni və pozucu texnologiyalar, hibrid və kiber təhdidlər dövründə kritik həyatı təmin edən infrastrukturun dayanıqlılığı, həmçinin NATO-nun başçılıq etdiyi əməliyyatlarda və missiyalarda tərəfdaş dövlətlərin iştirakı ilə bağlı məsələləri də əhatə edir.
Bəxtiyar CƏFƏRLİ