EN

"Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi olub

Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi keçirilib.

hakimiyyet.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başlayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin və Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov Qəbələdən olan idmançıların çoxluq təşkil etdiyini, onların gələcəkdə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edəcəklərinə inandığını deyib. O, "İdman Paytaxtı" çərçivəsində il ərzində Qəbələ şəhərində bir çox yarış və tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Nazir görüləcək işlərin çox olduğunu, lakin Qəbələnin bu missiyanı uğurla yerinə yetirəcəyini, yaxşı nəticələr əldə olunacağını söyləyib.

Rəsmi çıxışlardan sonra F.Qayıbov idman paytaxtının rəmzi açarını Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanovaya təhvil verib.

Daha sonra "Qəbələ - İdman Paytaxtı 2025"in maskotu "Marşal" ictimaiyyətə təqdim olunub.

2024-cü ilin idman səfirləri seçilən bədii gimnastika üzrə millinin keçmiş üzvü Aliyə Paşayeva, veteran futbolçu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov da çıxış ediblər. Onlar Azərbaycan bayrağı altında çıxış edən bütün idmançılara uğurlar və yeni-yeni qələbələr arzulayıblar.

Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növlərini təmsil edən atletlər musiqi sədaları altında məharətlərini nümayiş etdiriblər. Sonda konsert proqramı təşkil olunub.

Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyinin kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib.

Anar Həsənov

Chosen
2
4
hakimiyyet.az

5Sources