ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bütün Kanada mallarına 25 faiz rüsum tətbiq etmək hədəsinə əməl etsə, Kanada da 105 milyard dollarlıq ABŞ mallarına qarşı eyni addımı atacaq.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən "Bloomberg" yayıb.
Agentlik qeyd edir ki, Kanada hökuməti artıq müvafiq malların siyahısını tərtib edib. Bildirilir ki, Ottava ilk olaraq bu addımı atmayacaq və tarifləri yalnız Tramp administrasiyasının hərəkətlərinə cavab olaraq tətbiq edəcək. Kanada tərəfindən tərtib edilən malların siyahısı ilkin xarakter daşıyır və gələcəkdə əlavələr ola bilər.
Bundan əvvəl Kanadanın xarici işlər naziri Melani Coli Trampın 25 faizlik tariflər tətbiq edəcəyi təqdirdə Ottavanın ABŞ-a elektrik enerjisi və enerji təchizatını dayandırmağa hazır olduğunu bildirmişdi. Kanada öz neftinin təxminən 60 faizini, eləcə də elektrik enerjisinin 85 faizini ABŞ-a ixrac edir.
Kanada, Meksika və ABŞ bu dövlətlər arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişlə bağlıdır. Bununla belə, noyabrın 25-də Tramp vəzifəyə gəldiyi ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı səbəbindən Kanada və Meksikadan gələn bütün mallara 25 faiz rüsum tətbiq edəcəyini açıqlamışdı.
Musavat.com