EN

Tramp və Putin dünyanı bölüşdürəcəklər - Tahir Cəfərli

Yazını böyüt
Yazını kiçilt

Siyasi analitik Tahir Cəfərli ilə hafta.az üçün budəfəki söhbətimizdə dekabrın 25-də Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Bakı-Qroznı reysi ilə uçan Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bəzi diqqətçəkən sualları cavablandırdı, həmçinin yanvarın 20-də prezident kürsüsündə and içəcək Donald Trampın son bəyanatlarına münasibət bildirdi, onun Ukrayna savaşı ilə bağlı mümkün gedişlərindən danışdı, Tramp-Putin görüşünün Bakıda baş tutması ehtimalından bəhs etdi...

- 2024-cü ilin son günlərində baş verərək xalqımızın Həmrəylik və  Yeni il bayramlarını yasa batırmış Azərbaycanın son məlum təyyarə faciəsi ilə bağlı gəldiyiniz son nəticələr nədən ibarətdir? 

 - Bakı-Qroznı reysi ilə uçan Azərbaycan təyyarəsi birmənalı şəkildə Rusiyanın hava hücumundan müdafiə hərbi qüvvələri tərəfindən vurulub. Bu, inkarolunmaz  bir faktdır...

Vladimir Putinin Prezidentimizdən üzr istəməsi elə Azərbaycan xalqından üzr istəməsi deməkdir. Onu da bilməliyik ki, təyyarənin vurulması Putinin özünə qarşi xəyanətdir...

 - Belə çıxır ki, təyyarəmizin Rusiya hava məkanında qəsdən vurula biləcəyini ehtimal edirsiniz?

 - Öncə qeyd etmək istəyirdim ki, təyyarəmiz birmənalı şəkildə qəsdən vurulmuşdur. Bütün bunlar Azərbaycan Rusiya arasında olan strateji əməkdaşlığa son qoymaq və Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən qüvvələrin işidir...

- Rusiyanın baş diplomatı Lavrov son açıqlamasında deyir ki, Rusiya səmasında vurulmuş Azərbaycan təyyarəsinin “qara” qutularını açmışıq və onlar “məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib. Onların məzmunu bizi bir daha əmin edir ki, tam hüquqlu araşdırmanı gözləmək lazımdır”... Tutaq ki, istintaq başa çatdıqdan sonra hansısa bir hissə komandiri, dispetçer cəzalandırıldı. Bəs Azərbaycan sərnişin təyyarəsinin Qroznı ətrafında və həmin dəqiqə, saatlarda planet üzrə avia-uçuşları izləyən məşhur saytların da göstərdiyi kimi, eniş-uçuşların olduğu azı 5 normal hava limanına enişinə icazə verilməməsini necə əsaslandıracaq?

 - “Qara” qutu, sözsüz ki, təyyarəmizin vurulduğunu göstərəcək və əlbəttə ki, istintaq bitəcək. Nəticədə bir neçə hərbi hava qüvvələri generalı və yaxud yüksək rütbəli zabitləri də həbs də edəcəklər. Bununla məsələ bitməyəcək. Putin Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bu xəyanətin üstünü açmasa, siyasi lider kimi öz imicini itirəcək.  Putinə Azərbaycanın tranzit yollarının işləməsi lazımdır. Bu yollar isə ilk növbədə Zəngəzurdan keçir...

 - Necə düşünürsünüz, Putin “qara qutu”dakı məlumatların təhrif edilməsi üçün öncədən Braziliyaya təzyiq edə bilərdimi? Bəs, ümumiyyətlə, istintaqın Kremlin dediyi kimi aparılması üçün Qazaxıstana - onun lideri Tokayevə təzyiq imkanları varmi?

 - Putin niyə Braziliyaya və yaxud Tokayevə təzyiq göstərməlidir? Hamıya hər şeyin aydın olduğu bir vaxtda... Bu, gülünc fərziyyədir. Həm də ona görə ki, Zəngəzur dəhlizinin işləməməsi təkcə Rusiyanın deyil, elə Qazaxıstanın da zərərinədir. Çin boyda ölkəni öz tranzitinə cəlb etmiş Tokayev onların yüklərini Zəngəzurdan keçirməyi qarşısına geo-siyasi məqsəd kimi qoyub. Bu cür yollarla o, ölkəsini tezlıklə ən qüdrətli türk dövlətlərindən birinə çevirəcək... 

- Qarşıdan 20 Yanvar qətliamının 35-ci ildönümü gəlir. ABŞ-də isə həmin gün hər 4 ildən bir olduğu kimi, bu dəfə də bir növ təntənə günüdür – yeni seçilmiş prezident Trampın andiçmə mərasimi keçiriləcək. Yaxşı yadınızda olar, o vaxt bir il öncə ABŞ prezidenti seçilmiş ata Corc Buş Bakıda sovet-rus ordusunun Azərbaycan xalqının başına gətirdiyi faciə haqda demişdi ki, bu, SSRİ-nin daxili işidir.  Görəsən, bu dəfə də yeni seçilmiş prezident Donald Tramp fəaliyyətə başladıqdan sonra Rusiyadakı həmkarı Vladumir Putinə deyəcək ki, keçmiş sovet məkanında, xüsusən də Ukraynada törətdiyin faciələr sənin daxili işindir və Ukraynadakı müharibənin durdurulması üçün heç nə etməyəcək?

- Əfsuslar olsun, bugünədək ABŞ-nin və onun prezidentlərinin mahiyyətini Azərbaycan mediası  açmır, ümumiyyətlə, imperialist siyasətinin və xalqların maddi sərvətlərinin istismarı haqqında heç nə yazmırlar... Dərinə getsək görərik ki, 20 Yanvarı törədənlərin  başında Mixail Qorbaçovdursa da, əslində o, Qərbin agenti çıxdı. Deməli, onun Azərbaycan xalqına qarşı qırğın törətməsinə Corc Buş  dəstək oldu. Başqa sözlə, ABŞ lideri SSRİ-ni dağıtmaq üçün Qorbaçova dayaq durdu...

Ukrayna müharibəsi, əvvəllər də dediyim kimi, ilk növbədə, ABŞ-nin Rusiya ilə birgə Avropa İttifaqını dağıtmaq və yaxud ABŞ-ın satellitinə çevirməsi üçün ortaya atılmış bir oyundur. Bu mənada Ukrayna geosiyasi və hərbi poliqonunda Rusiyanın deyil, Avropanın taleyi həll olunmaqdadır. ABŞ sanksiyaları Avropanı Rusiyanın xammalından uzaqlaşdırdı. Aydındır ki, SSRİ dağılandan sonra Avropa üçün ABŞ öz əhəmiyətini itirdi və Rusiya xammalı Avropa iqtisadiyyatının lokomotivinə çevrildi. Belə getsəydi, Avropa Birləşmiş Ştatları “yeyəcəkdi”... Ukraynada başladılan müharibə isə Amerikanın Hərbi Sənaye kompleksini bərpa etdi və Avropanı ABŞ silahından asılı vəziyyətə saldı. Bu saat Avropanın ən aparıcı iqtisadi ölkələri Fransa və Almaniyanın vəziyyəti acınacaqlıdır. Aİ dağılmaqdadır. ABŞ xarici siyasətinin indiki mahiyyəti də eyni imperialist siyasətinin davamıdır...

Putin və Tramp yenə də dünyanı bölüşdürəcəklər. Tramp Putinə Ukraynanı verəcək, özü isə Kanada və Qrenlandiyanı götürəcək...

Bununla belə,  Rusiyanın müharibəni dayandıracağı ehtimalı yoxdur, çünki Rusiya Ukraynada müharibə etməklə UDM-ini artırmaqdadır, yəni varlanmaqdadır. Rusiyanın hərbi sənaye kompleksi bu günə qədər hələ 60-70  faiz  bərpa olunub. Bu səbəbdən də Putin çalışır ki, Ukraynada müharibəni uzatsın və nəticədə ÜDM-i daha da artırsın... ABŞ statistikası və BVF göstəricilərinə arxalansaq, Ukrayna ilə müharibəyə başlayan Rusiyanın 2,2. trilyon dollarlıq ÜDM-i vardı, bir ildən sonra 6,4 trilyon oldu. Bəzi fərdlər Rusiyanın dağılacağından dəm vururlar. Təkcə bir ilin göstəricisinə baxsaq, görərik ki, Rusiya  necə güclənir. ABŞ kimi müharibə etməklə... Deməli, Trampın müharibəni dayandırmaq tələbinə Putin məhəl qoymayacaq...

- Sizcə, hələ Ağ Evə gəlməmiş gözlənilməz, ABŞ üçün, demokratik dünya üçün ağlasığmaz bəyanatlar verən Tramp nə etmək fikrindədir?

- Donald Trampın bəyanatları ABŞ-nin bütün maraqlarını özündə əks etdirir. Bunlar yeni seçilmiş prezidentin öz ölkəsini bir nömrəli fövqəldövlət etmək üçün yönəldilən fikirlərdir. Tramp ABŞ dəyərlərini heç etmiş liberalların qənimidir.

Əgər ABŞ həqiqətən demokratik dəyərlərin tərəfdarı olsaydı, 30 il Qarabağımız ermənilərin tapdağı altında qalmazdı...

Tramp ABŞ-nin ölkənin hüdudlarını genişləndirmək siyasətini həyata keçirəcək və buna mane olmaq istəyən Avropanı Rusiyanın əliylə dağıdacaq...

Trampın bü günə qədər bir dənə də olsun sərsəm bəyanatı olmayıb. O öz ölkəsinin qüdrətinə arxalanıb və heç kimdən çəkinmədən öz fikrini açıq deyib. Sərsəm siyasətçilər isə ABŞ-nin sonuncu prezidentləridir. 16 milyon müsəlman qanı axıdıblar. Hələ üstəlik sanksiyalarla ölkələri təhdid ediblər. Liviya, İraq, Misir, Suriya, Əfqanıstan və s. buna misaldır...

Kanada və Qrenlandiya məsələsi isə sərsəm fikir deyil, ABŞ-nin planlı şəkildə dağıtdığı Avropa İttifaqının gücdən düşməsinin nəticəsidir. Bu, Amerika ilə Rusiyanın oyunudur. İndi isə ABŞ dövləti bunu Trampın əliylə həyata keçirəcək...

- Tramp gah Qrenlandiyaya, gah Panamaya qarşı iddialar irəli sürməklə sanki  işğalçılığa, zorun, gücün beynəlxalq hüquq üzərində üstünlüyünə haqq qazandırır.

- İndi nyuproteksiyanist, yəni ABŞ maraqlarını hər şeydən üstün tutan şəxsiyyət hakimiyyətə gəlir. Odur ki, o, Qrenlandiyanı da,  Panamanı da tezliklə ABŞ-yə birləşdirəcək. Bura Kanadanı da əlavə edin. Faktiki olaraq Kanada bu gün Belarus Rusiya üçün ittifaq respublikası olduğu kimi, ABŞ üçün daha ittifaq ştatıdır... Tramp, dediyim kimi, ənənəvi ABŞ siyasətinin, proteksionizmin  təmsilçisidir. Məhz ABŞ-nin dağılmış iqtisadiyyatını ona qaytara biləcək şəxsiyyət odur...

- Necə düşünürsünüz, Tramp–Putin görüşü harada baş tuta bilər? Həmin görüşün Bakıda keçirilə biləcəyi ehtimalı nə qədərdir?

- Bu görüş baş tutmasa, dünyanı Üçüncü Dünya müharibəsi gözləyir. Söhbət iki liderin dünyanı bölüşdürmək siyasətindən gedir...

Həmin görüşün Bakıda keçirilməsinə səmimi qəlbdən sevinərdik. Tramp və Putin Bakını yaxşı tanıyan siyasətçilərdir. Azərbaycan paytaxtı bu saat dünyanın ən gözəl şəhərlərindən biri olmaqla yüksək səviyyəli görüş, simpozium, konfransların keçirildiyi məkandır.  Prezident İlham Əliyevin də  təşkilatçılıq qabiliyyəti bütün dünyaya məlumdur. Bu nöqteyi-nəzərdən həmin görüşün məhz Bakıda keçiriləcəyinə ümid yaranır...

- Ümumiyyətlə, Tramp Ukrayna savaşını dayandıracaq, yoxsa əksinə, Putinin bu ölkəni tamamilə ələ keçirməsinə şərait yaradacaq?

- Bu saat dünyanın taleyi Putinlə Trampın əlindədir. Üçüncü Dünya müharibəsi olmasın deyə, onlar ilk görüşlərində  Ukrayna, Avropa İttifaqı, Kanada, Qrenlandiya və Panama ilə bağlı geniş müzakirələr aparacaqlar. Nəticədə Ukraynanı Kanada, Qrenlandiya və Panama ilə dəyişəcəklər...

Tramp Ukraynada müharibəni dayandırmaq istəyəcək, Rusiya isə buna getməyəcək. Öncə dediyim kimi, Rusiya Ukrayna ilə müharibə etməklə varlanan dövlətdir...

- Sizcə, Tramp 20 Yanvardan sonra Cənubi Qafqaza, ayrıca Azərbaycana, Ermənistan və Gürcüstana necə yanaşacaq?

- Əvvəki kimi, çünki ABŞ bir layner gəmidir. Bir tutduğu marşrut var və yalnız onunla gedir. Prezidentlər gəldi-gedərdi. Laynerin marşrutu, strateji xətti isə heç vaxt dəyişmir...

- Əgər Ermənistan siyasi yolla Zəngəzur yolunu açmağa razılaşmazsa, 2025-ci ildə Azərbaycanın Rusiyanın da siyasi dəstəyi ilə Zəngəzur dəhlizini hərbi yolla açması ehtimalı nə qədərdir?

- Bunu Azərbaycan tərəfi çoxdan etməli idi. Bunun üçün ölkəmizin əlində 10 noyabr 2020-ci il razılaşması vardır. Buna əsasən Azərbaycanın tranzit yolları Zəngəzurdan keçib Naxçıvana birləşməli idi. Bu yol Rusiya iqtisadiyyatı  üçün xilas yolu, Türkiyə üçün isə inkişaf yolu idi. Bu yolun işləməsinə maneə isə İrandır...

 

Chosen
7
hafta.az

1Sources