EN

Məntiq fənninin tədrisi: Universitet və magistraturada arasındakı FƏRQ

Magistraturaya qəbul imtahanında bakalavrlara təqdim edilən fənlərdən biri də məntiqdir. Lakin bəzi bakalavrlar qeyd edirlər ki, IV kursda təhsil aldıqları zaman məntiq fənni tədris edilsə də, magistraturaya qəbul imtahanında tamamilə fərqli bir məntiqlə qarşılaşırlar.

 

Bəs, bu fənnlər arasındakı fərqlilik nədən ibarətdir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, Azərbaycan universitetlərinin əsas missiyası tələbələri ixtisaslı kadr olaraq yetişdirməkdir, magistraturaya hazırlamaq deyil:

153431

“Universitetlər magistraturaya hazırlıq potensialı ilə deyil, əmək bazarının tələblərinə cavab verə biləcək kadrlar yetişdirmək imkanları ilə çıxış edirlər. Bu, fərqli anlayışlardır. Ümumilikdə magistraturanın qəbul imtahanında təqdim edilən məntiq sualları formal məntiq kimi qəbul edilməlidir. Çünki həmin suallar daha çox İQ səviyyəsini ölçür.

 

Magistraturada verilən məntiq sualları verbal, fiqur və məntiqi-riyazi tapşırıqlar əsasında qurulur. Lakin universitetlərdə ixtisasın profilinə uyğun tədris olunan məntiq daha çox fəlsəfənin qolu kimi çıxış edən əsl elm sahəsidir. Məsələn, jurnalist fikir yazarkən, ifadə edərkən konkret hədəfi tutmalıdır, fikrini daha düzgün və məntiqi şəkildə çatdırmalıdır. Burada onun köməyinə universitetdə tədris olunan məntiq fənni çatır".

 

Həmsöhbətimiz əlavə edib ki, universitetlərdə məntiq tələbələrə düzgün düşünməyi öyrədən bir fənndir:

 

“Digər sahələrdə də, xüsusilə texniki elmlərdə düzgün analiz əldə etmək üçün riyazi yönümlü məntiqdən istifadə olunur. Ali məktəblərdə məntiq tələbələrə düzgün düşünməyi və nəticə əldə etməyi öyrədir. 2018-ci ildə qəbul edilmiş kurikulum və məzun standartlarına əsasən, şagirdlərdə məntiqi təfəkkürün formalaşdırılması məqsədilə məntiq fənninin tədrisi təhsilverənlər və orta məktəblərin öhdəliyinə verilmişdir. Qəbul imtahanlarının əksəriyyəti isə həmin məntiqə əsaslanır. Lakin etiraf etməliyik ki, hazırda orta məktəblərdə tam keyfiyyətli məntiq təhsilindən danışmaq çətindir. Çünki tədris pərakəndə şəkildə aparılır, standartlar yoxdur. Yəni tədrisin təşkili ilə bağlı bəzi problemlər mövcuddur”.

Chosen
9
azedu.az

1Sources