Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. 43 yaşlı aktrisanın keçirdiyi estetik əməliyyatlardan və bir müddətdir ki, əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişməsi iddia edilir.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan aktyor Niftalı Namazlı Çimnaz Sultanova ilə maraqlı faktları bölüşüb. O, saytımıza açıqlamasında qeyd edib ki, mərhum 2 ilə yaxın xərçəng xəstəliyindən əziyyət çəkib:
“Mən uzun müddətdir aktyor olaraq fəaliyyət göstərirəm. Müxtəlif seriallarda və tamaşalarda oynamışam. Dünən Çimnaz xanımın vəfatı ilə bağlı xəbər aldım və çox pis oldum. Özünüz araşdırsanız görərsiz ki, mən uzun müddətdir sosial media hesablarımda paylaşım etmirəm. Səhhətimlə bağlı problemlərim olduğu üçün mediadan kənaram. Əksər xəbər saytları və səhifələr xəbər dərc edirlər ki, Çimnaz xanım estetik əməliyyatlardan sonra xəstəlik tapıb və vəfat edib. Bu fikirlərin hamısı yanlışdır. Xəbərlərdə qeyd edilir ki, Çimnaz xanım xərçəng xəstəliyindən 2 aydır əziyyət çəkirdi. Çimnaz xanım il yarım, 2 il idi ki onkoloji olaraq xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bunu həm ailəsindən, həm dostlarından, həm də saytlardan gizlədirdi”.
Aktyor sosial şəbəkədə Çimnaz Sultanova ilə bağlı mənfi fikirlərin onda təəssüf doğurduğunu qeyd edib:
“O, tam başqa cür, xanım-xatın bir qadın idi. Ağrısını, acısını kiminsə yanında deməzdi. Aktrisamız Sonaxanım Əliyeva da bunu qeyd edib. Saytların bir çoxunda yazırlar ki, o, estetik əməliyyatlardan xəstəlik tapdı, rəhmətə getdi. Bəzi sosial şəbəkə istifadəçiləri isə lənət oxuyurlar. Belə şeylər etmək lazım deyil. Mənim Çimnaz xanımla salam-sağolum yox idi. O, ortaq tanışımız olan bir şəxsdən dərman almışdı. Ona görə bilirdik ki, Çimnaz xanımda xəstəlik var. Çimnaz xanım mənə zəng edib demişdi ki, biz həmkarıq və mənim xəstəliyim barəsində heç kimin xəbəri olmasın. Mən də demişdim ki, bu barədə heç zaman heç yerdə danışmaram, özünüz istəsəniz haçansa mediaya məlumat verərsiniz. Bunu sizə deməkdə məqsədim odur ki, insanlar düzgün məlumat alsın. Çimnaz xanım sağlığında necə şəkillər çəkdiribsə özü bilər. O, dəfələrlə bir neçə nəfərə əl tutub, köməklik edib. İddia etmirəm, həqiqətləri deyirəm”.
Nazim Hacıyev
Telegram kanalımız