Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç iddia edib ki, Qərb Belarus ekstremistlərinin köməyi ilə ölkənin sərhədyanı regionunu ələ keçirmək və ora sülhməramlı qüvvələr yerləşdirmək niyyətindədir.
Onun sözlərinə görə, bu məqsədlə Polşada “Pospolite Rusie” komanda-koordinasiya mərkəzi yaradılıb. Volfoviç hesab edir ki, Ukrayna “bir növ boz zonaya” çevrilib və Qərb tərəfindən Rusiya və Belarusla qiyabi müharibə aparmaq üçün istifadə olunur. O, əmindir ki, Ukrayna və Qərb xüsusi xidmət orqanlarının mütəxəssisləri artıq “Belarus radikallarından” ibarət müxtəlif ekstremist qrupların üzvlərinə təlim keçir.
Bu bölmələrin Ukrayna Silahlı Qüvvələrinin Rusiya qoşunlarına qarşı döyüş əməliyyatlarında iştirak etdiyi iddia edilir. “Mövcud məlumatlara görə, yuxarıda adı çəkilən ekstremist qruplardan Belarusun bir və ya bir neçə sərhəd rayonlarının ələ keçirilməsi, bu ərazinin azad elan edilməsi və Qərb dövlətləri tərəfindən ora sülhməramlı kontingentin yeridilməsi məqsədilə silahlı əməliyyatda istifadə edilməsi imkanları nəzərdən keçirilir”, – dövlət katibi bildirib.
//Samir Qurbanov, Editor.az