EN

“Bank Respublika”nın biznes kreditləri portfeli 1 milyard manatı aşıb - BANKIN VƏZİYYƏTİ MƏLUM OLUB

“Bank Respublika” ASC 2024-cü ili 50 milyon 570 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 40 milyon 253 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Respublika”nın xalis mənfəəti 2024-cü ildə 2023-ü illə müqayisədə 10 milyon 317 min manat və ya 25,6% artıb.

GƏLİRLƏRİ ARTIB

“Marja.az” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə “Bank Respublika”nın cəmi əməliyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 276 milyon 408 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 207 milyon 748 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 68 milyon 660 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 3 milyon 222 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb (bu məbləğin kiçik olması diqqəti cəlb edir), 14 milyon 867 min manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “Bank Respublika”nın cəmi əməliyat gəlirləri 230 milyon 602 min manat, cəmi əməliyyat xərcləri 178 milyon 357 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti  52 milyon 245 min manat təşkil etmişdi. Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 253 min manat mənfəətə əlavə olunmuşdu. 2023-cü ildə “Bank Respublika 12 milyon 245 min manat mənfəət vergisi ödəmişdi.

Əməliyyat gəlirlərindəki 45 milyon 806 min manatlıq artım, əməliyyat xərclərindəki 29 milyon 391 min manatlıq artımı 16 milyon 415 min manat üstələdiyindən ötən il “Bank Respublika”nın əməliyyat mənfəəti bir o qədər də artıb.

BANK BÖYÜYÜB

31 dekabr 2024-cü il tarixində “Bank Respublika” ASC 2 milyard 176 milyon 633 min manat cəmi aktivlərə malik olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 45 milyon 657 min manat və ya 2,1% çoxdur.

BİZNES KREDİTLƏRİ PORTFELİ 1 MİLYARD MANAT SƏVİYYƏSİNİ KEÇİB

Ötən il “Bank Respublika”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 297 milyon 657 min manat və ya 25,3% artaraq 1 milyard 471 milyon 886 min manata yüksəlib. O cümlədən, Bankın biznes kreditləri portfeli 211 milyon 981 min manat və ya 26,5% artaraq 1 milyard 13 milyon 361 manaat çatıb. Bankın istehlak kreditləri portfeli 61 milyon 522 min manat artaraq 312 milyon 266 min manata, ipoteka kreditləri portfeli isə 24 milyon 394 min manat artaraq 146 milyon 259 min manata qalxıb.

2024-cü ildə “Bank Respublika”nın depozit portfeli 95 milyon 704 min manat və ya 6,6% azalaraq 1 milyard 348 milyon 87 min manata düşüb. Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri isə 114 milyon 210 min manat və ya  27,2% artaraq 534 milyon 529 min manata yüksəlib.

Qeyd edək ki, “Bank Respublika” ASC-nin depozit portfelinin kiçilməsi düşünülmiş bir addım ola bilər. Adətən daxili bazardan vəsait cəlb etmək bahalı olduqda banklar xaricdən daha münasib şərtlər ilə kredit cəlbini artırırlar. Ötən il “Bank Respublika” ASC bir neçə xarici maliyyə təşkilatı ilə kredit sazişi imzalayıb. Bunu Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərindəki artım da təsdiq edir.

MƏCMU KAPİTALI ARTIB

31 dekabr 2024-cü il tarixində “Bank Respublika” ASC 222 milyon 296 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 165 milyon 910 min manat məcmu kapitala malik idi.

Chosen
4
marja.az

1Sources