Bu gün (16.01.2025-ci il tarixdə) Binəqədi rayonu 102 saylı orta məktəbdə AYB-nin Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı, uşaq yazıçısı Gülzar İbrahimova ilə maraqlı görüş keçirildi.
Məktəbin direktoru Mailə İsmayılova qonağı salamlayaraq qeyd etdi ki, şagirdlərimiz yazıçının əsərləri ilə çoxdan tanışdırlar, özünü isə sevirlər. Bizi çox sevindirir ki, Azərbaycanda uşaqların könlünü ələ almış, uşaq dilini gözəl bilən, belə sevimli uşaq yazıçısı var.
Görüş iştirakçıları – şagirdlər yazıçının əsərlərindən ibarət çıxışları ilə müəllifi sevindirdilər. Yazıçıya böyük məhəbbətləri olduğunu etiraf etdilər. Gülzar İbrahimovanın şeirlərini söylədilər, nağıllarından tamaşa göstərdilər. Müəllifin sözlərinə bəstələnmiş mahnılarını (“Ana dilim”, “Sağ ol, ey Vətən", “Sülh nəğməsi”, "Sülhə salam") ifa etdilər.
Tədbirdə iştirak edən uşaqlar özlərinin yazdıqları şeir, nağıl, hekayələrini yazıçıya təqdim etdilər. Gülzar İbrahimova uşaqları həvəsləndirmək məqsədilə istedadlı şagirdlərə rəhbəri olduğu “Kişik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İB-nin adından Diplomlar təqdim etdi.
İbtidai sinif şagirdləri Gülzar İbrahimovanın nağıllarına çəkdikləri rəsmləri yazıçıya hədiyyə etdilər.
102 saylı məktəbin müəllimlərinin hazırladığı "Məktəb" mahnısı (sözləri-Dilşad Şeyxzadə, musiqisi-Səmagül Əliyeva) öz şagirdlərinin ifasında dinləndi.
Sinif müəllimi Dilşad Şeyxizadə çəkdiyi - Gülzar İbrahimovanın portretini yazıçıya hədiyyə etdi.
İstedadlı müəllimə Səmagül Əliyeva müəlllifi olduğu kitabları qonağa hədiyyə etdi.
Gülzar İbrahimova uşaqlar arasında istedadlar kəşf edib sinif müəlliməsindən onlara çox diqqət ayırmaları üçün məsləhətlər verdi. İstedadlı uşaqlarla görüş keçirəcəyini vəd etdi.
Məktəblilər Uşaq yazıçısına onlara maraqlı olan, yaradıcılığı haqqında suallar verdilər.
Gülzar İbrahimova görüşdə iştirak edən üç sinfin kitabxanasına və məktəb kitabxanasına uşaq kitabları hədiyyə etdi.
Sonda xatirə şəkilləri çəkildi.
İradə SARIYEVA