EN

Uşaq hüquqlarının müdafiəsi və təhsil müəssisələrində təhlükəsizlik: Yeni addımlar

Məktəblərdə uşaq hüquqlarının müdafiəsi hər bir cəmiyyət üçün prioritet məsələdir. Təhsilin əsas məqsədi uşaqları yalnız akademik biliklərlə deyil, həm də hüquq və vəzifələrini tanıyan, cəmiyyətdə məsuliyyət daşımağı bacaran vətəndaşlar kimi yetişdirməkdir. Elm və Təhsil Nazirliyinin uşaqların hüquqlarının müdafiəsi və təhsil müəssisələrində təhlükəsizliyin təmini ilə bağlı həyata keçirdiyi strateji tədbirlər planı vardır.

Nazirlikdən QHT.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”na əsasən, valideynlər və ya digər qanuni nümayəndələrin təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsilalanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsi və onlara psixoloji dəstəyin göstərilməsi, onların proqressiv psixi inkişafı, meyil, maraq və potensialının reallaşdırılması, habelə mümkün psixi pozuntuların profilaktikası təmin edilir.

Ölkə üzrə 300-dək ümumi təhsil müəssisəsində pilot olaraq “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq olunur. Həmin sənədin “Təhlükəsizlik” bölməsində təhlükəsizlik qaydaları əks olunmuşdur. Şagird davranış qaydalarının əhatə etdiyi müəssisələrin genişləndirilməsi, daha çox məktəbdə bu qaydaların tətbiqi nəzərdə tutulur.

Həmçinin Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrində mühafizə xidməti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası”na əsasən həyata keçirilir. Mövcud qaydaya görə, bütün ümumi təhsil müəssisələrinin təhsilalanlarının, pedaqoji və texniki heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görülməlidir. Belə ki, mütəmadi olaraq yerli bölmələr və dövlət ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təhlükəsizliyin təmin olunması məqsədilə monitorinqlər aparılır və nəticələr əsasında müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda zərurət olduğu halda, müvafiq məsələlər barədə təxirəsalınmaz olaraq, digər aidiyyəti qurumlara məlumat verilir.

Bununla yanaşı, “Məktəblinin dostu” layihəsi 2016-cı ilin dekabr ayından etibarən ilkin olaraq 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlamışdır. 2024-2025-ci tədris ilində “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi daha da genişləndirilib. Hazırda layihə 238 ümumi təhsil müəssisəsində tətbiq olunur. 420 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır. 

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. İlkin mərhələdə məktəblinin dostları məktəb mühitindən öncə bir sıra xüsusi hazırlıq və psixoloji təlimlərdən keçirlər və ilkin skrininq etmək bacarıqlarını mənimsəyirlər. Daha sonra məktəbdə psixoloji çətinliklər müşahidə olunduğu halda şagirdlərlə emosional əlaqə yaradıb, ünsiyyət qurub yaxından maraqlanırlar.

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
8
qht.az

1Sources