EN

İmtahanlar rəqəmsal formada keçiriləcək

Təhsil sistemində müasir texnologiyaların tətbiqini və imtahan proseslərinin daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə rəqəmsal formaya keçid zərurəti meydana çıxır. Rəqəmsal imtahanların tətbiqi tələbələrin və imtahan təşkilatçılarının da işini asanlaşdıracaq, nəticələrin operativ öyrənilməsinə səbəb olacaq.
Dövlət imtahan Mərkəzi (DİM) artıq bu prosesə başlayıb və bir sıra imtahanı elektron qaydada keçirməklə praktiki təcrübə qazanıb. Keçən il DİM-in elektron imtahanların keçirilməsi üçün nəzərdə tutulan imtahan korpusu istifadəyə verilib. Binada imtahanlar, müxtəlif təyinatlı müsahibələr, təlimlər üçün nəzərdə tutulmuş zallar və digər funksional otaqlar mövcuddur.
İmtahan korpusu 7 mərtəbə və zirzəmidən ibarətdir. Burada imtahanlarda istifadə olunan dinləmə mətnlərinin səsyazma studiyası, xüsusi avadanlıqla təchiz edilmiş müsahibə zalları, psixoloji xidmət otaqları, vətəndaşların qəbulu salonu, böyük və kiçik imtahan zalları, konfrans zalı, işçi otaqları və s. yerləşir. Korpusda yaradılan bulud əsaslı texnoloji infrastruktur müasir innovativ “private cloud” platformasında qurulub. DİM tərəfindən hazırda keçirilən 45 növ imtahanın hər biri iştirakçı sayı nəzərə alınmaqla bu binada təşkil oluna bilər. Belə ki, burada hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.
Hazırda rəqəmsal imtahana keçid prosesi qismən və iştirakçı sayı az olan imtahanlarda tətbiq edilir. İştirakçı sayı çox olan buraxılış, ali məktəblərə, magistraturaya qəbul imtahanları ənənəvi formada həyata keçirilir. Maraqlıdır, bu istiqamətdə hazırda hansı işlər görülür, son yeniliklər nələrdir?
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin (RCEC) sertifikatı ilə təltifedilmə mərasimində çıxışı zamanı qeyd edib ki, rəqəmsal imtahanlara tam keçid üzrə işlər görülür. Bununla bağlı Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılıb: “Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq”. M.Abbaszadə onu da bildirib ki, DİM yerli ekspertlərlə də əməkdaşlıq etməyə hazırlaşır: “Eyni zamanda, yerli ekspertlərlə sosial sorğu keçirib müzakirələr aparmaqla imtahanlar, qiymətləndirilmə haqqında onların da fikirlərini nəzərə alacağıq. Biz yeni qiymətləndirilmə sisteminə keçməliyik”.
Təhsil eksperti Vüsət Əzizov XQ-yə müsahibəsində deyib: “Burada qaydalar beynəlxalq təcrübəyə əsaslanır. Dövlət qulluğu üzrə işə qəbul, rezidenturaya qəbul, xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması və iştirakçı sayı çox olmayan bir neçə imtahan artıq elektron qaydada həyata keçirilir. Buraxılış və blok imtahanlarında iştirakçı sayı çox olduğu üçün belə imtahanların elektron qaydada keçirilməsi, yəqin ki, vaxt alacaq”.
Nəticə olaraq, imtahanların rəqəmsallaşması Azərbaycan təhsilinin inkişafı və müasir texnologiyalarla uyğunlaşması üçün vacib addımdır. 

Rizvan FİKRƏTOĞLU 
XQ

Chosen
4
xalqqazeti.az

1Sources