EN

Sürət qatarı beləmi olur?!

Sərnişinlərin rahatlığının təmin edilməsində dəmiryol nəqliyyatının rolu əvəzsizdir. Bu baxımdan paytaxt Bakı ilə Sumqayıt arasında hərəkət edən qatarların olması müsbət haldır. Amma bu xidmətin keyfiyyətinin yaxşı olması hələlik reallıqdan uzaqdır. Sürət isə çox aşağıdır. 
Bütün bunlara birtəhər dözürdük. Təəssüf ki, tez-tez o qədər də optimal olmayan cədvəlin pozulması, nasazlıqlar qatarın xidmətlərindən istifadə edənləri elə hey məyus edir. Dünən baş vermiş iki qəza vəziyyəti ADY heyətinin heç də faydalı iş əmsalına malik olduğunu göstərmir. Səhər Bakıya tələsənlər saat 8.55-də yola düşən Sumqayıt–Xırdalan–Bakı qatarını mənzil başında tərk edərkən orta vaqonun bir qapısı açılmadı. Sərnişinlər məcburən basabasa düşüb tünlük, əsəb qurbanı oldular. İşə, imtahana, dərsə, görüşə gecikənlər deyinə-deyinə vağzaldan uzaqlaşdılar. Axşam saat 17.25-də Bakıdan Xırdalan reysi ilə Sumqayıta gedən qatarda da bənzər hal baş vetdi. Düz 19 dəqiqə gözləməli olduq. Nəhayət, yola düşən “sürət qatarı” handan-hana sərnişinləri mənzil başına çatdırdı. Əsəb, gərginlik, giley-güzar baş alıb getdi. 
Bir də görürsən ki, yolda bir qatar dayanıb digərinə “buyur, keç” deyir. Cədvəl tərtib edənlər hansı haqq-hesabla edirlər, bilmirik. Görəsən, ADY-də texniki xidmət və təmir qrupları yoxdurmu? Profilaktiki baxışlar nə zaman olur və ya olurmu? Bütün dünyada nəqliyyatın intellektual idarəetmə sistemi tətbiq olunduğu bir vaxtda, bu, nə primitivlikdir?! 
Biz hələ yalnız Bakı–Sumqayıt (və əksinə) qatarlarından danışırıq. Bəlli olduğuna görə, rayonlara işləyən qatarlarda da vəziyyət heç də fərqli deyil. O gün bir nəfər “FB”də yazmışdı ki, 3 saatlıq yolu 8 saata qət ediblər. Bu biabırçılıqlar dəmiryol xidmətində nə qədər davam edəcək? 
Şəxsən şahidi və zərərdidəsi olduqlarının müəyyən bir qismini yazdı: 

Əli NƏCƏFXANLI  
XQ

Chosen
1
xalqqazeti.az

1Sources