EN

“Ağ qızıl” Tərtərə ağ güzəran gətirir

Dörd ildən artıqdır ki, Tərtər rahat, təhlükəsiz günlərinə geri dönüb, tərtərlilər halal zəhmətləri ilə əkib-becərməyin, təsərrüfatlarını inkişaf etdirməyin qayğıları ilə yaşayırlar. Rayonun hansısa kəndində, şəhərin özündə dinc insanların Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq faşistcəsinə atəşə tutulması ilə bağlı xəbərlər də artıq keçmişdə qalıb. Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra vaxtilə mənfur düşmən qarşısında mərdliklə sinə gərmiş Tərtərdə dinc inkişaf dövrü başlayıb. Rayona hər növbəti səfər zamanı bu inkişafın şahidi olmaq, insanların üzündən hələ də silinməmiş qalibiyyət sevincini, qurub-yaratmaq əzmini görmək insanı qürurlandırır.
Bu dəfə yolumuzu rayonun Qapanlı kəndindən saldıq. Məhsuldar torpaqları və iqlim şəraiti pambıq əkini üçün əlverişli olan Tərtərdə “ağ qızıl”ın ikinci üz toplanması yekunlaşmaq üzrədir. Dövlət tərəfindən onlara ayrılmış pay torpaqlarında pambıq becərmiş qapanlılılar da ilboyu çəkdikləri zəhmətin bəhrəsini görmək üçün tarlalarda çalışır, yığımın “son akkordlarını” vururlar. Uzaqdan görünən dağların başı artıq çoxdan ağ örpəklə örtülsə də havalar xoş keçdiyindən “qar yağmış” sahələrdə kombaynlar işləyir. Məqsəd odur ki, yerdə bir lopa da pambıq qalmasın. Çünki toplanan hər pambıq topası əlavə pul, əlavə qazanc deməkdir. Həmsöhbət olduğumuz kənd sakinləri məhsulun bolluğundan da, sahibkarlıqla məşğul olmaq üçün onlara yaradılan şəraitdən də razılıq etdilər. 
Əbülfət Cümşüdov:
– Artıq bir neçə ildir ki, hektar yarım pay torpağımda pambıq əkirəm. Torpaqlarımız çox məhsuldardır. Dövlətimiz tərəfindən biz sahibkarlara pambıqçılıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb, pambığın hər kiloqramına görə subsidiya verilir. Ötən il bu sahədən 55 sentner məhsul götürmüşdüm. Hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, bu il də pambığımız boldur. Çox şükür, birinci üz yığımdan 30 sentnerə yaxın pambıq yığılıb, indi ikinci üz yığım gedir. Pambıqçılıqla məşğul olmaq sərfəlidir, ona görə də növbəti ildə də sahəmdə pambıq əkməyi planlaşdırıram. 
Rafael Abbasov: 
– Mən də bir neçə ildir pambıqçılıqla məşğulam. Çünki həm maddi tərəfdən sərfəlidir, həm də istər əkində, istər mala və dərmanlama zamanı, istərsə də yığım prosesində bizə hər cür kömək göstərilir. Texnika və digər zəruri avadanlıqlarla, dərman vasitələri ilə təmin edilirik. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov pambıqçılıqla məşğul olan bütün sahibkarların qayğıları ilə şəxsən maraqlanır. Odur ki, rayon sakinləri, o cümlədən də qapanlılılar pambıq əkininə böyük maraq göstərirlər.
Sahibkarlara uğurlar, bol qazanc arzulayıb Qapanlı kəndi ilə sağollaşdıq. Axı işləri başlarından aşır. Ona görə də yolçu yoluna, köylü köyünə...
Qeyd edək ki, Azərbaycanda ixracyönümlü məhsul istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verir. Son illərdə bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası aqrar sahədə, o cümlədən pambıqçılıqda sahibkarlığın inkişafını sürətləndirir, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradır. 
Regionlarda pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı aparılan işlər bu sahədə böyük ənənələrə malik Tərtər rayonunda da öz müsbət nəticələrini verməkdədir. Məlumat üçün bildirək ki, hələ Sovet dövründə Tərtərdə pambıqçılıqda adları tarixə düşən əmək qəhrəmanları yetişib, onlardan 5-i Sosialist Əməyi qəhrəmanı adına layiq görülüb. Son illər rayonda həm çiyid səpilən sahələr sürətlə artır, həm də məhsuldarlıq. Belə ki, bir neçə il əvvəl, məsələn, 2016-cı ildə Tərtərdə 1035 hektar sahədə pambıq becərilmiş və hər hektardan 22,5 sentner olmaqla, cəmi 2334 ton məhsul toplanmışdı. Cari təsərrüfat ilində isə 2436,5 hektar sahədə pambıq əkilib və yanvar ayının ilk iş günlərinə olan məlumata görə, 7133.41 ton pambıq yığılıb. İkinci üz yığımın davam etməsi ilə əlaqədar bu rəqəm daha da artacaq.
Ölkədə pambıqçılığın inkişafını stimullaşdıran bir məqam da var. Belə ki, Azərbaycanda pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, cari təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə becərilən pambığın hər tonuna görə fermerlərə 210 manat, müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilən pambığın hər tonuna görə isə 190 manat subsidiya veriləcək. Pambıq üzrə məhsul subsidiyası veriləcək 23 rayon arasında Tərtər də var.

Mahir Rəsuloğlu, 
XQ-nin Qarabağ müxbiri, 
Tərtər

Chosen
4
xalqqazeti.az

1Sources