EN

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclasdan əvvəl AMEA-nın Kimya Elmləri Bölməsinin və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi, elmi-təşkilati fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib.

İclası giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Sonra akademiklər Vaqif Fərzəliyev, Dilqəm Tağıyev, Abel Məhərrəmov və Cavad Abdinova AMEA-nın fəxri fərmanları təqdim edilib.

İclasda müzakirə olunan növbəti məsələ Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər haqqında olub.

2025-ci il martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinin tamam olduğunu qeyd edən akademik İsa Həbibbəyli Rəyasət Heyətinin müvafiq qərarına əsasən, AMEA-nın yubileyinin keçirilməsi ilə geniş tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb.

AMEA prezidenti il ərzində Akademiyanın 80 illik yubileyi ilə bağlı yerli və beynəlxalq konfransların keçiriləcəyini, kitabların, məqalələrin çap olunacağını, sərgilərin təşkil ediləcəyini bildirib və AMEA-nın yubileyinə dair tədbirlər planının yüksək elmi-təşkilati səviyyədə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

İclasda, həmçinin filologiya elmləri doktoru Sərxan Xavəri AMEA-nın Humanitar Elmlər Bölməsinin “Filologiya və sənətşünaslıq” jurnalının baş redaktoru təyin edilib.

Daha sonra AMEA-nın Kimya Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik Dilqəm Tağıyev təqdim edib.

Sonra AMEA-nın müşaviri akademik Adil Qəribov, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov və Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov hesabat ətrafında çıxış edib, bölmənin 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Müzakirələrdən sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev AMEA Rəyasət Heyətinin qərarını səsləndirib. Qərarda Kimya Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.

Daha sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi, elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Mərkəzin direktor müavini professor Şaiq İbrahimov təqdim edib.

Məruzə dinlənildikdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, müvafiq qərar qəbul olunub.

İclasda, həmçinin AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevin 75 illik yubileyi haqqında qərar da qəbul edilib.

Sonda akademik İ.Həbibbəyli AMEA-nın bütün elmi-tədqiqat müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir və sərgilərin keçirilməsi barədə müvafiq tapşırıqlarını çatdırıb.

Chosen
3
1
tehsil.biz

2Sources