EN

Son 3 gün: Ən soyuq andiçmə, liderlər, milyarderlər, ziyafətlər və...

ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Tramp 3 gün sonra rəsmi olaraq Ağ Evə qayıdacaq. İnauqurasiya tədbirləri sabah başlayır. 

Meteoroloqlar Vaşinqtonun ən soyuq günlərindən birini bazar ertəsi yaşayacağını və bu açılışın hətta ən soyuq andiçmə mərasimi ola biləcəyini proqnozlaşdırırlar. 

Mərasimdə hansı xarici liderlər, milyarderlər iştirak edəcək? 

Kimlər ona qatılmayacaq? 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin 47-ci Prezidenti seçilən Donald Tramp 4 ildən sonra Ağ Evə qayıtmağa hazırlaşır. Tramp yanvarın 20-də andiçmə mərasimi ilə rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq. 

Donald Tramp və yeni seçilmiş vitse-prezident JD Vance üçün andiçmə mərasimi bazar ertəsi ABŞ vaxtı ilə saat 12:00-da olacaq, lakin andiçmə mərasimi hazırlıqları şənbə günü başlayacaq. Şənbə günü Trampın Virciniya ştatındakı Milli Qolf Klubunda prezident qəbulu və atəşfəşanlıq, habelə Nazirlər Kabinetinin qəbulu və vitse-prezidentin şam yeməyi təşkil olunacaq.

Bazar günü Arlinqton Milli Qəbiristanlığında əklil qoyma mərasimi, Vaşinqtondakı Capital One Arenada Trampın MAGA "Qələbə mitinqi" və şam yeməyi olacaq. Yanvarın 20 yanvar günü St. John's Church kilsəsində dua ilə başlayacaq, ardından Ağ Evdə çay içiləcək. Tramp və yeni seçilmiş vitse-prezident J.D.Vens günorta saatlarında and içəcək, ardınca isə Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün rəsmi vida mərasimləri keçiriləcək. 

Tramp daha sonra namizədliklərin imzalanmasının adət olduğu Senat palatasının yaxınlığındakı Prezident otağına gedəcək. İmzalanma mərasimindən sonra nahar veriləcək. 

Tramp daha sonra prezident paradında iştirak edəcək və Ağ Evdəki Oval kabinetdə imzalanma mərasimi keçiriləcək. Bundan sonra Trampın uzun nitq söyləməsi də gözlənilir. Açılış tədbirləri çərşənbə axşamı səhər Milli Dua ilə başa çatacaq. 

ABŞ-nin Prezidenti Cozef Bayden 4 il əvvəl 2020-ci ildəki seçki məğlubiyyətini qəbul etməyərək andiçmə mərasiminə qatılmayan Trampdan fərqli olaraq, andiçmə mərasiminə qatılacağını bildirib. 

“NBC News” yazır ki, Tramp Salvador Prezidenti Nayib Bukele və İtaliyanın Baş naziri Giorgia Meloni də dəvət edib. Bukelenin iştirak edib-etməyəcəyi bəlli deyil və Meloni keçən həftə cədvəli icazə verərsə, gələcəyini söyləyib. Çin Prezidenti Si Cinpin onun yerinə andiçmə mərasimində iştirak etmək üçün rəsmi nümayəndə göndərəcək.  Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro da dəvət edildiyini və pasportunun qaytarılması üçün iştirak edəcəyini söyləyib. 

“Politico” xəbər verir ki, ifrat sağçı fransız siyasətçisi Erik Zemmur və onun ortağı, Avropa Parlamentinin deputatı Sara Knafo da dəvət olunub, lakin onların iştirak edib-etməyəcəyi bəlli deyil. 

Maskdan başqa hansı milyarderlər olacaq? 

Andiçmə mərasimində “Tesla” və “SpaceX”-in baş direktoru İlon Mask (xalis sərvəti 423 milyard dollar), “Meta” şirkətinin rəhbəri Mark Zukerberq (sərvəti205 milyard dollar) və “Amazon”un qurucusu Ceff Bezos (sərvəti 232 milyard dollar) iştirak edəcək. Bu şəxslər Trampın kabinetinin yanındakı kürsüdə oturacaqlar. “OpenAI”-nin baş direktoru Sem Altmanın (sərvəti 1,1 milyard dollar) da andiçmə mərasimində iştirak etməyi planlaşdırdığı bildirilir. 

“The New York Times” qəzetinin yazdığına görə, “Forbes”in milyarderlər siyahısında olmayan “Tik Tok” şirkətinin baş direktoru Şou Zi Çeu da andiçmə mərasimində iştirak edəcək və kürsüdə fəxri mövqedə oturacaq. 

Bazar ertəsi Vaşinqtonda bu günə qədərki ən soyuq temperaturlardan biri müşahidə olunacaq. “AccuWeather” xəbər verir ki, bazar ertəsi ən yüksək temperatur -4, ən aşağı isə -13 dərəcə Selsi olacaq. 

Mütəxəssislər bunun 1985-ci ildə Ronald Reyqanın ikinci inauqurasiyasından sonra ən soyuq inauqurasiya olacağını proqnozlaşdırırlar. 

Chosen
33
16
cebheinfo.az

10Sources