EN

ABŞ Ermənistan-İran sərhədinin müdafiəsi üçün müxtəlif təlimlər təşkil edəcək – İran isə susur   

Üç gün əvvəl Vaşinqtonda ABŞ-ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında saziş geniş müzakirə olunur. Ermənistanda bir mənalı qarşılanmayan bu anlaşma region üçün təhlükə mənbəyidir. Rusiyanı regiondan çıxartmağa hesablanan bu sənəd, eyni zamanda region dövlətlərinin də marağına uyğun deyil.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi ekspert  İlyas Hüseynov bildirib ki, doğurdan da, ABŞ və Ermənistan arasında sazişin imzalanması ciddi təhdidlər formalaşdırır:

“Niyə məhz Bayden administrasiyasının səlahiyyət dövrünün sonlarında və Trampın inaqurasiyasından 6 gün əvvəl- yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Entoni Blinken arasında bu mühüm sənəd imzalandı? Belə görünür ki, Demokratların erməni mərkəzli siyasi xəttinin məntiqi sonudur. 2023-cü ilin sonlarından ABŞ Ermənistana güclü siyasi dəstək göstərməyə başladı. Bunun davamı kimi 2024-cü ilin aprelin 5-də Aİ-Ermənistan-ABŞ sazişi imzalandı. Heç bir il keçmədən tələsik ABŞ-Ermənistan strateji sazişi bağlandı və münasibətlər yeni mərhələyə qədəm qoydu. Çox güman ki, Donald Trampın dövründə  ABŞ-Azrəbaycan münasibətlərinə yenidən baxılacaq. Azərbaycan da bunu istəyir. Cənab Prezident İlham Əliyev həm Şuşa Media Forumunda, həm də yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bunu bir daha vurğulayıb. Azərbaycanın əsas məqsədi bütün geosiyasi mərkəzlərlə bərabər hüquqlu münasibətlərin formalaşdırmaqdır. ABŞ əsas hərbi-siyasi güc kimi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Bayden administrasiyası ilə Ermənistan arasında imzalanan saziş Azrəbaycan üçün də bir sıra təhlükələr yaradır. Geosiyasi dəyişikliklər, yeni dünya nizamının qurulması konteksində ABŞ öz maraqlarını güdür. Növbəti mərhələdə Ermənistan sərəhədlərinin mühafizəsini gücləndirilməsi üçün ABŞ-dən məsləhətçilər Ermənistana gələcək. ilk növbədə Ermənistan-İran sərhədinin müdafiəsi üçün müxtəlif təlimlər keçiriləcək. Bu, birbaşa İrana qarşı olan siyasi xəttdir. İndi maraqlı mənzərə yaranıb. Vətən müharibəsindən sonra sərhədlərimizdə hərbi təlimlər keçən İran niyə öz sərhədlərinə ABŞ hərbçilərinin yaxınlaşmasına hələdə reaksiya vermir? Bu mövzu hələ də qaranlıq qalır. Çox güman ki, qarşıdakı dövrdə bunun cavabı tapılacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
3
konkret.az

1Sources