EN

Biləsuvarda kişi arvadını təhqir edən qonşusunu cəzalandırdı — TƏFƏRRÜAT

Biləsuvar rayonunda 1976-cı il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Quluya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Biləsuvar rayonunun kəndində küçədə, insanların çoxluq təşkil etdiyi yerdə baş verib. Aqil heç bir əsaslı səbəb olmadan Qulunun onun arvadını söyməsini əsas gətirib, onu nalayiq sözlərlə söyüb təhqir edib. Ona şillə və yumruq zərbələri ilə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Aqilin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs Qulu onun həmkəndlisi və  qonşusudur, münasibətləri normal olub, aralarında hər hansı bir ədavət və problem olmayıb: “15 sentyabr 2024-cü ildə, saat 15 radələrində yaşadığımız evdən çıxaraq balıq tutmağa gedən zaman qonşumuzun  uşaqlarının onun evinin qarşısında səs-küy salaraq oynamasını gördüyünə görə həmin azyaşlı uşaqlara öz iradımı bildirdim, onları evlərinə yola salmaq istəyən zaman qonşumuz Qulu yaşadığı evdən küçəyə çıxaraq qardaşı uşağına qarşı niyə kobudluq etməyimi deyərək mənimlə mübahisə etdi. Həmin zaman Qulu mənim arvadımı nalayiq ifadələrlə söyərək təhqir etdi və əynimdə olan köynəyin boğaz nahiyəsindən tutaraq cırmaq istəyən zaman onun baş nahiyəsindən əlim ilə itələyərək özümdən uzaqlaşdırdım. Hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmuşam. Olanları tam olaraq xatırlamıram. Bundan başqa hadisə baş verən zaman hadisəni kimlərin görməsini bilmirəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Qulunun sözlərinə görə, Biləsuvar rayonunun kəndində yaşayır və fərdi əməklə, təsərrüfatla məşğul olur, heç bir rəsmi iş yeri yoxdur:

“Təqsirləndirilən Aqil mənim həmkəndlim və qonşumdur. Münasibətlərimiz normal olub, aramızda hər hansı bir ədavət və problem olmayıb. Sentyabrın 15-də, saat 15 radələrində yaşadığımız evdə olan zaman küçədə səs küy gəlməsinə görə küçəyə çıxan zaman Aqilin qardaşım oğlu ilə mübahisə etməsini və küçədən səs-küy gəlməsini eşitdim. Həmin vaxt həyət qapımızın qarşısına çıxan zaman Aqilin qardaşım oğlunu küçədə narahat etməsini, ona qarşı kobudluq etməsini və təhqir etməsini bildim. Həmin zaman ona öz iradımı bildirdim, qardaşım oğlunun azyaşlı uşaq olmasını dedim. Aqilə isə cavab olaraq qardaşım oğlunun onun həyət qapısının ağzında oynamasını və ailəsinə narahatçılıq yaratmasını bildirdi”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, hadisə zamanı Aqil spirtli içkinin təsiri altında olduğundan onun üzərinə gəlib, onunla əsassız mübahisə etməyə başlayıb: “Mənim ünvanıma kobud və nalayiq ifadələr işlətdi, məni söyüb təhqir etdi. Bundan başqa Aqil şillə ilə baş nahiyəmdən və sağ əl nahiyəmdən vuraraq məni döydü. Zərbənin təsirindən özümü itirdim. Bundan sonra olanları tam olaraq xatırlamıram. Hadisə baş verən zaman anam, bacım və küçədə tanımadığım bir neçə nəfər şəxs olub. Təqsirləndirilən şəxslə barışıq əldə etməklə mənə vurulmuş zərəri ödəyib. Ona görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayətim yoxdur”.

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aqilə aylıq qazancından dövlət nəfinə 15faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə islah işləri növündə cəza təyin edilib.

Fariz Məlikli
Demokrat.az
Chosen
3
demokrat.az

1Sources