“Şəhidlik zirvəsi” – Masallıda anım tədbiri
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Masallı rayonunda anım tədbiri keçirilib.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına rayon mədəniyyət mərkəzindəki tədbirdə rayonun idarə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri, gənclər və tələbələr, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin, 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.
Sonra Masallı Dövlət Regional Kollecinin müəllimi Lətafət Ağakişizadə çıxış edərək müasir tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən 20 Yanvar hadisələri zamanı sovet qoşunlarının xalqımıza, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü naminə dəmir yumruq kimi birləşən yenilməz, məğrur xalqın mübarizə əzmindən, son illərdə qazanılmış qələbələrdən və fədakar Vətən övladlarının qəhrəmanlıqlarından danışıb.
Daha sonra Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kolleci tələbələrinin və Kürdəbaz, Qarğalıq mədəniyyət klubu üzvlərinin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan “Şəhidlik zirvəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Akif AĞAYEV