EN

Tələbə və şagirdlər sosial mediadan istifadə ilə bağlı maarifləndirilməlidir

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.

 

Maraqlıdır, bu qadağa şagirdlərin dərs keyfiyyətinin yüksəldilməsində nə kimi rolu olacaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün sosial media və telefonlar müasir dövrümüzün ən böyük nailiyyətləri olmaqla yanaşı, eyni zamanda ən böyük bəlasına çevrilib:

 

“Bu mənada, insanların əksəriyyəti vaxtını telefonda və sosial mediada keçirirlər. Bu məsələ artıq dünyada geniş bir problemə çevrilib. Hətta insanlar axşam evə qayıtdıqda, ailənin hər bir üzvü telefon əlində, müxtəlif sosial şəbəkələrdə zaman keçirir. Bu, ümumi bir problemə çevrilib və insanlar arasında ünsiyyət zəifləyir.

 

Ona görə də hazırkı dövrdə bütün sahələrdə bu istiqamətdə işlərin aparılmasına ehtiyac var. Hesab edirəm ki, ümumi təhsil müəssisələrində də bu addımın atılması çox vacibdir.

 

Birinci mərhələdə Elm və Təhsil Nazirliyi ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq etməyə başlayıb. Prosesin təhlili göstərir ki, telefon həm şagirdlərə, həm də müəllimlərə dərsdə fikirlərini cəmləməyə mane olur. Bəzən gələn zənglər və mesajlar insanın diqqətini yayındıran hadisələrə səbəb olur.

 

Bu səbəbdən də dərs zamanı telefondan istifadə qadağasının tətbiqi təqdirəlayiq bir addımdır. Belə ki, bu addım həm müəllimlərin, həm də şagirdlərin dərsə cəmlənməsinə müsbət təsir göstərəcək. Dünyanın müxtəlif ölkələrində elə insanlar var ki, 17-20 saat telefon və kompüter arxasında keçirirlər. Bu da ilk növbədə insanın sağlamlığına mənfi təsir göstərir.

 

Düşünürəm ki, həm məktəblərimizdə, həm də universitetlərimizdə sosial mediadan düzgün istifadə etməklə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılmasına ehtiyac var".

Chosen
10
azedu.az

1Sources