Yanvarın 17-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı "Qəhrəmanlıq mübarizəmizin silinməz səhifəsi – 20 Yanvar" adlı tədbir keçirilib.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib: “Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar.
Həmin günün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunduğunu deyən akademik Gövhər Baxşəliyeva bu hadisələrdə xalqımızın istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa biləcəyini, Azərbaycan övladlarının öz həyatlarını müstəqillik uğrunda qurban verə biləcəklərini sübut etdiyini vurğulayıb.
Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən akademik G.Baxşəliyeva, qeyd edib ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərdi.
Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü, Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev, İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Saleh Dostəliyev, Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva və Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçısı, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova çıxış edərək qanlı 20 Yanvar hadisələrindən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər.