EN

20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərs keçirildi

17 yanvar 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qərargahında 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar dəyirmi masa ətrafında xüsusi dərs keçirildi. Dərsin keçirilməsində məqsəd “20 Yanvar” şəhidlərinin xatirəsini yad etmək, şanlı tarixi gənclərə bir daha xatırlatmaq olmuşdur.

Dərsdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının məsul əməkdaşları Nəzrin Bayramova, Kamran Mustafayev, 262 nömrəli tam orta məktəbin 9, 10 və 11-ci sinif şagirdləri, məktəbin tarix müəllimi Turanə Zeynalova iştirak etmişdir.

Dərsin əvvəlində Ümummilli Lider Heydər Əliyev və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dərsi giriş sözü ilə açan məktəbin tarix müəllimi Turanə Zeynalova Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edərək şagirdləri məlumatlandırdı və bildirdi ki, müasir Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar hadisələri xalqımız üçün dərin izlər buraxmışdır. Ulu öndər Heydər Əliyev həmin hadisələri yüksək dəqiqliklə xarakterizə edərək qeyd edirdi ki, zaman keçdikcə bu günlərin xalqımızın tarixindəki əhəmiyyətini daha yaxşı dərk edəcəyik.

Sonra şagirdlər 20 yanvar faciəsi haqqında məlumatlar verdi, o gecənin hüznünü ifadə edən musiqi sədaları altında vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər və xatirəsi anılan şəhidlərimiz hörmətlə yad edildi.

Sonda Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının məsul əməkdaşı Nəzrin Bayramova çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsindən 35 il ötməsinə baxmayaraq, xalqımız bu faciəni hələ də unutmur. O günlərdə azadlıq və müstəqillik uğrunda şəhid olan vətən övladları, öz igidlikləri ilə xalqımızın qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazdılar. Həmin gün xalqın milli birliyi və ləyaqəti qarşısında heç bir güc tab gətirə bilmədi. Bu gün azadlıq və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu şaddır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq işğal altındakı torpaqları azad edib.

1Sources