EN

 Ekspert: Telefona qadağası məktəblərdə disiplinin artmasına gətirib çıxaracaq

Valideyn şagirddən narahat olursa, onun cibinə 30 -40 manatlıq, sadəcə zəng getmək üçün olan telefonlardan alıb qoya bilər

Bu gün ölkənin ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında mobil telefondan istifadə edənlərin sayı artmaqdadır. İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların çoxunun əlində telefon görmək mümkündür. Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünür. Bəs, şagirdin məktəbdə telefondan istifadə etməsi fikir dağınıqlığına və dərs prosesinin pozulmasına səbəb olurmu? 

Təhsil eksperti Elçin Murad “Sherg.az”a bildirib ki, şagirdin əlində telefon olanda dərsdən tamamilə uzaqlaşır:

“Əgərç məktəblinin telefonu və interneti varsa, sosial şəbəkələrdə vaxtını keçirir, telefonda olan müxtəlif oyunları oynayır, və ya məktəbdə yaşanan hər hansı bir hadisəni çəkib ictimailəşdirir. Bu isə şagird müəllim arasındakı münasibətlərin mütəmadi şəkildə qırılmasına, soyumasına səbəb olur. Ona görə də telefon məktəblinin çantasında ola biləcək qurğu deyil. Hər hansı valideyn şagirddən narahat olursa, xəbər almaq istəyirsə, onun cibinə 30 -40 manatlıq, sadəcə zəng getmək üçün olan telefonlardan alıb qoya bilər. Ümumiyyətlə telefona qadağa qoyulması məktəblərdə disiplinin artmasına gətirib çıxaracaq. Ən azından bir çox lazımsız hadisələrin ictimailəşməsinin qarşısını alacaq. Hətta tərbiyəvi cəhətdə bu faktor böyük rol oynayacaq. Bundan sonra Elm və Təhsil Nazirliyi ikinci addım olaraq məktəblinin geyim, saç və üz təmizliyi-səliqəliliyi məsələsinə fikir verməlidir. Həmçinin növbəti mərhələdə şagirdlərin dərsə vaxtında, gəlib getməsini, müəllimlərin dərsdə məşğuliyyətinə diqqət etməlidir. Eyni zamanda müəllimlərin də dərs keçib-keçmədiyinə nəzarət olunmalıdır. Çünki bu gün şagirdlərin repetitor yanına getməsinə ən böyük səbəblərdən biri də məktəblərdə verilən təhsilin aşağı səviyyədə olmasıdır. Məktəblərdə keçirilən dərslər Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar ilə üst üstə düşmür. Orta məktəblərdə təhsil aşağı səviyyədə keçirilir. Amma Dövlət İmtahan Mərkəzində suallar yuxarı səviyyə düşür. Şagird də repititor yanına getməyə və əlavə bilgilərlə təmin olunmağa məcbur qalır ki, imtahanda çıxan sualları cavablandıra bilsin.  Ümumiyyətlə bu təkcə telefon məsələsi deyil, sistemli şəkildə bütün hamısı bir-birinə bağlıdır”.
Chosen
9
sherg.az

1Sources