EN

“Çinin Qafqaz və Mərkəzi Asiya ilə bağlı planları ABŞ-ı narahat edir”- ŞƏRH

“ABŞ-ın Ermənistanla imzaladığı strateji tərəfdaşlıq sazişi həm indiki taktiki, həm də uzaq strateji hədəflərə yönəlmiş addımdır. Ancaq bu sənədin rolunu hədsiz kiçiltmək və ya böyütmək doğru deyil”.

Bunu Editor.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ABŞ-ın indiyə qədər bu istiqamətdə imzaladığı bəzi sazişlərin böyük nəticələri, bəzilərinin isə heç bir nəticəsi olmayıb:

“Məsələn, Gürcüstanla imzaladığı bu tip sazişin hələ ki heç bir nəticəsi yoxdur. Ancaq Ukrayna ilə imzaladığı sazişin ortada neqativ də olsa çox böyük nəticələri var. Eləcə də ABŞ-ın Ermənistanla imzaladığı sazişin regionda əsasən İran və Rusiyaya qarşı çevrildiyi şübhəsizdir. Bütün hallarda Amerikanın Azərbaycanı özünə düşmən hesab etdiyini düşünmürəm. Çünki Vaşinqtonda Azərbaycanın praqmatik siyasət yürütdüyü yaxşı bilinir.  Bu nüans Amerika strategiyasına Azərbaycanla hər bir halda razılığa gəlməyin düzgün olduğunu diktə edir. Ancaq İran və Rusiya ABŞ-ın əbədi düşməni olduğuna görə Cənubi Qafqaz regionunda hər bir təhdid ilk növbədə onları hədələməyə yönəlir”.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ Mərkəzi Asiya ölkələrinə də nüfuz etmək niyyətindədir:

“Bu nöqteyi- nəzərdən Qafqazda möhkəmlənməyə bir giriş qapısı kimi baxır. Çünki bilirlər ki, Cənubi Qafqazda ABŞ-ın yerini möhkəmləndirməsi gələcəkdə Mərkəzi Asiyaya nüfuzetmə prosesini asanlaşdıra bilər. Eyni zamanda, Mərkəzi Asiya ölkələrində ABŞ-ın sübutsuz maraqları var. Hətta 21-ci əsrin əvvəllərində ABŞ-ın bəzi Mərkəzi Asiya ölkələrində, məsələn Qırğızıstan, Özbəkistanda hərbi bazaları da olub. Sonradan xalq hərəkatlarının təsiri ilə onlar çıxarılıb. Ancaq bu gün ABŞ görür ki, Çin Mərkəzi Asiya və Qafqaz ölkələrinə böyük maraq göstərir. Çin Mərkəzi Asiya və Qafqaz üzərindən Avropaya nüfuz etməyi düşünür. ABŞ bu gün Qrellandiyada, Kanadada Çinin iqtisadi və ticari olaraq möhkəmlənməsindən hədsiz qıcıqlanır. Belə şəraitdə Çinin Qafqaz və Mərkəzi Asiya ilə bağlı planlarının Amerikanı narahat etməsi açıq-aydın göz qabağındadır. Buna görə də ABŞ-ın Ermənistanla imzaladığı bu sazişi həm Ermənistana yönəlmiş müəyyən siyasi gedişlərin mexanizmi kimi, həm də regionda Rusiya, İran, eləcə də Çinin təsirlərinə qarşı hesablanmış bir addım kimi dəyərləndirmək olar”.

//Gülnarə Abasova, Editor.az

Chosen
2
editor.az

1Sources