Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) tərəfindən hazırlanan 2023-cü il Miqrasiya hesabatı statistika ilə birlikdə Nazirlər Şurasına təqdim edilib.
"Cebheinfo.az" xəbər verir ki, hesabatda 2023-cü ildə Almaniyaya 1,93 milyon insanın mühacirət etdiyi, 1,27 milyon insanın isə ölkəni tərk etdiyi bildirilib.
Dr. Susanne Vorbs 2023-cü ildə Ukraynadan Almaniyaya cəmi 276 min insanın miqrasiya etdiyini bildirib.
Bununla belə, Ukrayna hələ də mühacirlərin gəldiyi ölkələr arasında birinci yerdədir. 2022-ci illə müqayisədə Almaniyaya mühacirət edən əcnəbilərin sayı 30 faiz azalıb.
Hesabata görə, 2023-cü ildən etibarən Almaniyada 24,9 milyon insanın ən azı bir valideyni vəya özü əcnəbi əsillidir.
Bu, ümumi əhalinin 29,7 faizini təşkil edir. 2021-ci illə müqayisədə bu göstərici 2,4 faiz artıb. Mühacir mənşəlilərin təxminən yarısı Almaniya vətəndaşlığına sahib olsa da, üçdə ikisi Almaniyaya özləri mühacirət etmiş şəxslərdir.
2023-cü ildə miqrasiya hərəkətlərinin 63,4 faizi Avropa İttifaqı ölkələri arasında baş verib.
Almaniyaya ən çox immiqrant göndərən ölkələr yüzdə 13 ilə Ukrayna, yüzdə 9,8 ilə Rumıniya və yüzdə 6,5 ilə Türkiyə olub.
Almaniyanı tərk edənlərin əksəriyyəti Avropa ölkələrinə mühacirət edib. Bu ölkələr arasında Rumıniya, Ukrayna, Polşa və Bolqarıstan liderlik edir.
2023-cü ildə Almaniyaya toplam 329 min 120 ilk sığınacaq müraciəti edilib. Bu rəqəm əvvəlki illə müqayisədə 51,1 faiz artıb.
Qaçqınların gəldiyi əsas ölkələr 31,2 faizlə Suriya, yüzdə 18,6 ilə Türkiyə və 15,6 faizlə Əfqanıstandır.
Ancaq 2024-cü ildə sığınacaq müraciətlərində təxminən 100 min nəfər azalma oldu.
2023-cü ildə Aİ xaricindən gələn 72 min 400 adama iş icazəsi verildi. Bu, əvvəlki illə müqayisədə 0,9 faiz azalma deməkdir.
Almaniyaya təhsil üçün gələn tələbələrin sayı təxminən 2,7 faiz azalıb.
Almaniyada miqrasiya hərəkətləri həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətli olsa da, hesabat miqrasiya siyasətlərinin yenidən qiymətləndirilməsinin lazım olduğunu ortaya qoyur.
İş icazələri və təhsil miqrasiyası kimi sahələrdə azalma ixtisaslı işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün daha əhatəli siyasətlərə ehtiyac olduğunu göstərir.